Əməkdar artist 100 yaşında vəfat etdi

Əməkdar artist 100 yaşında vəfat etdi


Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərov 100 yaşında vəfat edib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin qızı Gülşən Ələkbərova məlumat verib. O bildirib ki, atası bu gecə ürək çatışmazlığından vəfat edib.

Firudin Ələkbərov 1921-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayan sənətçi 1946-78-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, sonra 1992-сi ilədək “Azkonsert” Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. 1991-ci ildən Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda, 1993-cü ildən 3 saylı, 2000-ci ildən Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəblərində tar müəllimi işləyib.

1941-1945-ci illərdə “Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə “Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildəsə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.

Azərbaycan televiziyası və radiosunun “Qızıl fond”unda lent yazıları var. O, sonuncu müsahibəsini bu ilin sentyabr ayında Seymur Elsevərin “Bizimkilər” proqramına vermişdi.

Allah rəhmət eləsin!



Mənbə: https://axsam.az/?name=xeber&news_id=138653

Comments are closed, but trackbacks and pingbacks are open.