Ərdoğan ABŞ-da təhsil alan türk tələbələrlə görüşüb

Ərdoğan ABŞ-da təhsil alan türk tələbələrlə görüşüb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində bu ölkədə təhsil alan türk tələbələrlə görüşüb. Dövlət başçısı “Türk evi”ndə baş tutan görüşdə çıxış edib.

“Report”un yerli bürosu xəbər verir ki, 2014-cü ildə Nyu-Yorkda qurulan və ABŞ-da təhsil alan türk tələbələrə xidmət edən “TÜRKEN” vəqfinin Nyu-Yorkun görkəmli yerlərindən birində tələbə yataqxanası inşa etdiyini deyən prezident binanın yaxın gələcəkdə onların xidmətinə veriləcəyini açıqlayıb.

Ərdoğan prezidentliyi dövründə ABŞ-da təhsil alan tələbələr üçün Türkiyə hökumətinin çoxsaylı dəstək proqramları həyata keçirdiyini bildirib: “İnsan ömrünün ən qiymətli xəzinəsi gənclik illəridir. Fəaliyyətim müddətində təhsil və tələbələrlə bağlı aparılan bütün işlərə xüsusi həssaslıqla yanaşmışam. Xarici ölkələrdə təhsil alan tələbələr üçün verilən təqaüdlərin artırılması və yeni təhsil proqramlarının həyata keçirilməsi üçün bütün imkanlarımızı səfərbər etmişik.

“TÜRKEN”in ABŞ-da təhsil alan tələbələr üçün həyata keçirdiyi layihələrin miqyasını daha da genişləndirəcəyik və yaxın gələcəkdə tərəfimizdən inşa edilən tələbə yataqxanası da sizin ixtiyarınızda olacaq”.

Prezident gənclərə müraciətində Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirən şəxslərə qarşı güclü türk gəncliyinin rolunun əvəzsiz olduğunu deyib.

“Siz bizim aydın sabahlarımızsınız. Yaxın gələcəkdə ölkəmizdə mühüm vəzifələrdə xidmət edəcəksiniz. Sizə müvəffəqiyyətlər diləyirəm. Yolunuz daim açıq olsun”, – Ərdoğan qeyd edib.

Prezident çıxışından sonra tələbələrlə müxtəlif mövzularda fikir mübadiləsi aparıb və onların suallarını cavablandırıb.

Vüsalə Abbasova





Mənbə: https://report.az/region-xeberleri/erdogan-abs-da-tehsil-alan-turk-telebelerle-gorusub/

Comments are closed, but trackbacks and pingbacks are open.