Azərbaycan millisinin baş məşqçisi: “Əsas hədəfimiz qrupdan çıxmaqdır”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Hələlik rəqiblərlə yaxından tanış olmamışam. Kağız üzərində hansısa komanda bizə heç bir məlumat vermir. Qrupumuzdakı yığmaları analiz etdikdən sonra konkret fikir bildirə bilərəm”.

Bu fikirləri “Report”a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev 2023-cü il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, rəqibləri ad baxımından dəyərləndirmək düzgün deyil: “Məsələn, ötən seçmə mərhələdə Lüksemburqun U-17 yığması birinci yeri tutub. Halbuki orada Belçika və Norveç yığmaları da var idi. Bu baxımdan ad elə də rol oynamır. Çünki yaş qrupları çox fərqlidir. Ona görə də rəqibləri analiz etmək, son oyunlarına baxmaq lazımdır”.

Abdullayev seçmə mərhələdə qarşıya qoyulan hədəfi də açıqlayıb: “Əsas vəzifəmiz qrupdan çıxmaq olacaq. Amma obyektiv və subyektiv amillər var. Hər şey analizlə bağlıdır. Kimə qarşı necə oynayacağımıza baxacağıq. Nəticə verməyə çalışacağıq”.

Ötən seçmə mərhələni U-19 yığmasının sükanı arxasında keçirmiş baş məşqçi yeni təyinatına da toxunub: “Harda işləməyimin heç bir fərqi yoxdur. Önəmli olan xeyir verməkdir. Hamısı bizim balalarımızdır. Bütün yaş qrupları üzrə yığmalarda işləmək mənim üçün şərəfdir. Hər bir milli komandada işləmiş insanam. Ona görə də bu, mənim üçün yeni bir şey deyil”.

Qeyd edək ki, Azərbaycanın U-17 yığması seçmə mərhələdə Bosniya və Herseqovina, Ukrayna və Lixtenşteyn komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-millisinin-bas-mesqcisi-esas-hedefimiz-qrupdan-cixmaqdir/

Comments are closed, but trackbacks and pingbacks are open.