Azərbaycanda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı 24% artıb

Azərbaycanda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı 24% artıb



Azərbaycanda dovlət qeydiyyatina alinmis dasinmaz əmlaklarin sayi 24 artib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 219 968 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb.

“Report” İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 48 607-si ilk dəfə, 171 361-i isə təkrar qeydiyyata alınıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 1,5% və 32,3% çoxdur.

Əmlaklardan 35 260-ı fərdi yaşayış və bağ evi, 66 763-ü mənzil, 108 753-ü torpaq sahəsi, 2 560-ı qeyri-yaşayış binası, 6 040-ı qeyri-yaşayış sahəsi, 557-si əmlak kompleksi, 35-i isə çoxmərtəbəli yaşayış binasıdır.

Son 1 ildə ilkin dövlət qeydiyyatına alınmış fərdi yaşayış və bağ evlərinin sayı 16,5% artaraq 11 844-ə, torpaq sahələrinin sayı 22,2% artaraq 11 632-yə, qeyri – yaşayış sahələrinin sayı isə 40,6% artaraq 2 929-a çatıb.

Bundan başqa, il ərzində təkrar dövlət qeydiyyatına alınmış fərdi yaşayış və bağ evlərinin sayı 39,2% artaraq 23 416, mənzillərin sayı 47,5% artaraq 44 919, torpaq sahələrinin sayı 24,3% artaraq 97 121, qeyri-yaşayış sahələrinin sayı isə 51,2% artaraq 3 111 təşkil edib.

Hesabat dövründə 173 276 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 295 481 arayış (Forma-1) verilib. Son 1 ildə bu növ arayışların sayı 50,1% artıb. İl ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı isə 52,4% artaraq 36 798 olub.





Mənbə: https://report.az/infrastruktur/azerbaycanda-dovlet-qeydiyyatina-alinmis-dasinmaz-emlaklarin-sayi-24-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.