Azərbaycanda yeni nəsil elektron imza üzrə texniki işlər yekunlaşır

Azərbaycanda yeni nəsil elektron imza üzrə texniki işlər yekunlaşır



Azərbaycanda yeni nəsil elektron imza uzrə texniki islər yekunlasir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan yeni nəsil elektron imza üzrə texniki işlər yekunlaşmaqdadır.

Bu barədə “Report” MHM-ə istinadən xəbər verir.

Məlumata görə, artıq biznes həlləri, o cümlədən dizayn nümunələri müəyyən edilib. Hazırda yeni məhsulla bağlı tərəfdaş şirkətlərlə əməkdaşlıq imkanları müzakirə olunur və imzanın həmin qurumların sistemlərinə inteqrasiyası prosesi davam etdirilir.

Rəqəmsal transformasiya fonunda yaradılan yeni imza vasitəsilə bank, BOKT, sığorta, mobil operatorlar, “ASAN login”, “E-gov”, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.

Üztanıma və “açıq açar” texnologiyalarını özündə birləşdirən yeni nəsil imza biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test edilmə əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.

Mobil tətbiq vasitəsilə işləyən yeni nəsil elektron imzadan istifadə üçün tətbiqi mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayət edəcək. Vətəndaşlar üçün əlverişlilik səviyyəsi yüksək olacaq imzadan veb-sayt vasitəsilə də istifadə nəzərdə tutulub. Bunun üçün istifadəçinin, tərəfdaşın veb-saytında yerləşən QR kodu mobil tətbiqdə oxutması yetərli olacaq.

Yeni nəsil elektron imzanın həm vətəndaşlara, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var ki, bunlara maliyyə xərclərinin azaldılması, təhlükəsizliyin təmin edilməsi, vaxt və sənəd itkisinin qarşısının alınması və avtomatik arxivləşdirmə daxildir.

Bulud texnologiyalarına əsaslanan imzanın qabaqcıl funksiyaları vətəndaşlar üçün əlçatanlığı artıracaq. Yeni məhsulun istənilən cihaza inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandıracaq.

Biznes proseslərinin rəqəmsallaşdırılması və müştəri loyallığının artırılması məqsədilə yaradılan yeni nəsil imza, eyni zamanda saxtakarlıq, sənədlərin dəyişdirilməsi kimi pozuntuların qarşısının alınması istiqamətində böyük töhfə verəcək.

Qeyd edək ki, bulud texnologiyalarına əsaslanan imzada şəxsiləşdirilməyən açar heç bir məlumatı özündə saxlamadığı üçün kiberhücumlar zamanı fərdi məlumatların ələ keçirilməsi mümkün olmayacaq.





Mənbə: https://report.az/ikt/azerbaycanda-yeni-nesil-elektron-imza-uzre-texniki-isler-yekunlasir/

Comments are closed, but trackbacks and pingbacks are open.