Azərbaycanın ilk Baş nazirinin qətlindən 101 il ötür

Azərbaycanın ilk Baş nazirinin qətlindən 101 il ötür



Azərbaycanin ilk Bas nazirinin qətlindən 101 il otur

Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin qurucularından biri Fətəli Xan Xoyskinin qətlə yetirilməsindən 101 il ötür.

“Report”un yerli bürosu xatırladır ki, Cümhuriyyətin ilk baş naziri və xarici işlər naziri 1920-ci ilin iyunun 19-da Tbilisidə qətlə yetirilib.

Cümhuriyyətin süqutundan sonra Gürcüstan paytaxtına gedən F.Xoyskini millətçi “Daşnaksütyun” Partiyası, “Nemezis” terror təşkilatının üzvü Aram Yerkanyan arxadan vuraraq öldürüb. Müxtəlif tarixi mənbələrə əsasən, qətl şəhərin o vaxtkı Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) Opera və Balet Teatrı yaxınlığında və ya keçmiş İrəvan meydanı (indiki Azadlıq meydanı) yaxınlığında baş verib.

Atəş nəticəsində F.Xoyski hadisə yerində ölür, yanında olan AXC-nin keçmiş daxili işlər naziri Xəlil bəy Xasmməmədov isə ağır yaralanır. Xoyskinin hadisə yerində deyil, xəstəxanaya çatdırılandan sonra dünyasını dəyişdiyi qeyd olunan tarixi mənbələrə də rast gəlinir.

Erməni terrorunun qurbanı olan F.Xoyski Tbilisidə, Nəbatət bağı ərazisindəki müsəlman qəbiristanlığında, indiki görkəmli azərbaycanlıların panteonunda dəfn olunub. Panteonda 1920-ci ilin iyulunda Tbilisidə ermənilərin qətlə yetirdiyi digər azərbaycanlı dövlət xadimi – AXC parlamentinin sədr müavini Həsən bəy Ağayevin məzarı yerləşir.

Azərbaycanın ilk hökumət başçısının qətli ilə bağlı Tbilisidə nəşr olunan “Sakartvelo” (Gürcüstan) qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc edilib. Gürcüstanın Milli Parlament Kitabxananasının dövrü mətbuat arxivində nəşrin həmin ilin iyun ayına aid sayları tapılmayıb. Mərkəzi kitabxananın fotoxronika bölməsində F.X.Xoyskinin Gürcüstanın ilk Demokratik Respublikasının hökumət üzvləri Noe Ramişvili, Akaki Çxenkeli və digərləri, AXC-nin Baş naziri Nəsib bəy Yusifbəyli, daxili işlər nazirinin müavini, yollar naziri olmuş İbrahim bəy Heydərovun da yer aldığı 1920-ci ilə aid kollektiv fotoşəkil saxlanılır.





Mənbə: https://report.az/daxili-siyaset/azerbaycanin-ilk-bas-nazirinin-qetlinden-101-il-otur/

Comments are closed, but trackbacks and pingbacks are open.