“Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirib”

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirib”


“Qoşulmama Hərəkatı (QH) dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Azərbaycan təşkilata üzv olduqdan sonra onun işində aktiv iştirak edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı bir sıra vacib məqamlara toxunub: “Prezident İlham Əliyev daha bir mötəbər beynəlxalq tribunadan Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını bəyan etdi. Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi təşkilatın sənədlərində dəstəklənib”.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatı üzvlərinin güclü siyasi həmrəyliyi və dəstəyi hiss edilib: “Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar”.

 Fatma Yıldırım

Fatma Yıldırım

F.Yıldırım qeyd edib ki, bütövlükdə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yetirir: “Təşkilatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirilib. Eyni zamanda, Zirvə görüşündə dövlətimizin başçısının təklif etdiyi BMT-nin xüsusi sessiyasının keçirilməsi də ötən il reallaşdı. Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırıb. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün ayrıldı. Bu fakt da ölkəmizin, şəxsən Prezidentimiz İlham Əliyevin humanist, yardımsevər siyasətinin ifadəsidir. Beləliklə, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıb. Hərəkat üzvlərinin Azərbaycanın sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı isə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyi sədrliyi uğurla davam edir”.





Mənbə: https://report.az/xarici-siyaset/azerbaycanin-qosulmama-herekatina-sedrlik-etmesi-teskilatin-fealiyyetini-daha-da-guclendirib/

Comments are closed, but trackbacks and pingbacks are open.