Azərbaycanın turizm şirkətləri yeni marşrutlar üzrə turpaketlər hazırlayıb

Azərbaycanın turizm şirkətləri yeni marşrutlar üzrə turpaketlər hazırlayıb



Azərbaycanin turizm sirkətləri yeni marsrutlar uzrə turpaketlər hazirlayib

Hər il yayda olduğu kimi, qış aylarında da Azərbaycanda turizm sektoru canlanır, həm daxili, həm də xarici turizm dinamikası yüksəlir. Odur ki, artıq oktyabr ayından turizm şirkətləri qış turizmi üçün hazırlıqlara başlayırlar.

“Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov “Report”a açıqlamasında turizm şirkətlərinin qış ayları üçün turpaketləri satışa çıxartdıqlarını bildirib:

“Hazırda yay bitib, artıq tələbələr dərsə qayıdıb, məzuniyyətdən dönənlər də var. Ona görə də turizm dili ilə desək “ölü sezon” davam edir. Qarşıdan qış fəsli gəlir. Qışda bayramlar, tətillər olduğu üçün insanlar bu fəsildə istirahətə daha çox üstünlük verir. Bu baxımdan artıq həm turizm şirkətləri, həm də turizm qurumlarında qış fəslinə aid hazırlıq işləri davam edir. Turizm şirkətləri artıq yeni istiqamətlərə turpaketlər hazırlayır. Artıq qış turizmi ilə bağlı yeni proqramlar, turpaketlər hazırlandığının reklamlarını görə bilirik. Qış turizmi dedikdə Azərbaycanda əsasən Şahdağ və Tufandağda qış-yay turizm komplekslərinin fəaliyyəti yada düşür. İnsanlar həm xizək sürmək, həm də qar görmək üçün daha çox bu ərazilərə axın edir. Bu il də ötən illərdə olduğu kimi bu yerlərə tələbat daha çox olacaq”.

Ə.Qurbanov ölkənin turizm sektorundakı yeniliklərdən də danışıb:

“Pandemiyada turizm şirkətləri yaranan boşluqdan istifadə edib yeni turizm marşrutları yaratdılar və bu il artıq turizm şirkətlərində yeni turpaketlər olduğunu görürük. Bunları daxili turizm üçün vətəndaşlara təklif edirlər.

Pandemiya olduğu üçün hazırda xaricdən gələn turistlərin sayında digər illərlə müqayisədə azlıq var. Sərhədlərin də bağlı olduğunu nəzərə alsaq, əsasən bu il daxili turizmdə daha çox canlanma görəcəyik. Daxili turizmlə bağlı yerli vətəndaşlarımız daha çox bölgələrimizə səfər edir. Qış turizmi bir neçə istiqamətdə olur və hazırda Şahdağ və Tufandağ qış-yay turizm kompleksinə müraciətləri daha çox görürük.

Eyni zamanda bölgələrimizdə olan müxtəlif tipli otellər qış turizminə hazırlıqlarını artıq yekunlaşdırıb. Gələn aylardan biz bu turizm növü ilə bağlı insanların bölgələrə səfərinin şahidi olacağıq. Xarici partnyorlarla da əlaqələr qurulur və həm ölkəmizdən kənarda qış fəslini keçirtmək istəyən turistlərimiz xaricə səfər edə biləcək, həm də daha çox bölgələrə turistlərimizin gedəcəyinin şahidi olacağıq. Turizm şirkətlərinə də tövsiyələrimizi periodik olaraq görüşlərimizdə təklif edirik ki, ənənəvi yerlərdən əlavə yeni yerlərə marşrutlar təşkil etsinlər. Onlar da öz turpaketlərini buna uyğun olaraq hazırlayırlar”.

Ə.Qurbanov işğaldan azad edilən bölgələrimizdə də qış turizmi üçün geniş imkanların olduğunu vurğulayıb:

“İşğaldan azad edilmiş bölgələrdə hazırda infrastruktur layihələri davam edir. Bunların hamısı bitdikdən sonra vətəndaşlarımızın Qarabağ bölgəsinə də səfərlərinin şahidi olacağıq. Oranın da qış turizmi ilə bağlı potensialı yüksəkdir. Qarabağda bir çox turizm növlərini tətbiq edə bilərik. Bunlardan biri də qış turizmidir ki, gələcəkdə ordakı böyük potensialdan istifadə olunacaq. Qarabağda yeni qış-yay komplekslərinin tikilməsini gözləyə bilərik. Qarabağın geniş təbiət massivi və iqlim şəraitini də nəzərə alaraq deyə bilərik ki, orda qış turizmi ilə bağlı böyük işlər görmək imkanımız olacaq”.





Mənbə: https://report.az/turizm/azerbaycanin-turizm-sirketleri-yeni-marsrutlar-uzre-turpaketler-hazirlayib/

Comments are closed, but trackbacks and pingbacks are open.