Deputat: “Nikol Paşinyan Rusiyanın vasitəçilik roluna hörmətsizlik nümayiş etdirir”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə təxribata əl ataraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə noyabrın 9-da keçirilməsi nəzərdə tutulan Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşünə getməkdən imtina etmişdi. Nikol Paşinyan bunu etməklə çalışırdı ki, görüş Rusiya vasitəsilə deyil, ermənipərəst qüvvələrin dəstəyi altında digər bir yerdə baş tutsun”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Ermənistanın dövlət başçısı etdiyi bu hərəkətlərlə Rusiyaya olan münasibətini ortaya qoyub: “Bununla da o, bəzi Qərb dairələrinin Rusiyaya qarşı yürütdüyü siyasətə dəstək olduğunu açıq şəkildə ortaya qoydu. Hesab edirəm ki, Nikol Paşinyan bu cür davranışı ilə Rusiya Prezidenti Vladimir Putinə və onun vasitəçilik roluna hörmətsizlik nümayiş etdirir, eyni zamanda danışıqları başqa platformalara köçürməyə çalışır. Fikrimcə, Rusiya dövlət başçısının bununla bağlı görüş zamanı da onlara adekvat münasibəti olacaq”.

Deputat vurğulayıb ki, Nikol Paşinyan öz tərəfdarları vasitəsilə ölkəsində anti-Rusiya əhval-ruhiyyəsini gücləndirir: “Ermənistan bu gün Qərb ölkələrinin bir alətinə çevrilib. Düşünürəm ki, belə qeyri-adekvat addımları Moskva İrəvana bağışlamayacaq. Bu da İrəvan üçün heç də yaxşı nəticələnməyəcək”.

C.Osmanov xatırladıb ki, Ermənistan ötən il də bu cür dekonstruktiv mövqe sərgiləyirdi: “Məhz bu kimi amillərə görə də Azərbaycan “dəmir yumruğ”unu işə salaraq düşmənin başını əzdi. Onu da qeyd edim ki, Ermənistan yenə təxribatlara əl atarsa, Azərbaycanın “dəmir yumruğ”unu növbəti dəfə də başında hiss edəcək. Ermənistan unutmasın ki, “dəmir yumruq” yenə də yerində və öz gücündədir”.

Deputat bildirib ki, Azərbaycan bölgədə sülhün bərqərar olması üçün güclü mövqeyini ortaya qoyub: “Ölkəmiz ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Hesab edirəm ki, bu da Azərbaycanın beynəlxalq hüquqa olan sadiqliyidir. Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri sözsüz və qeyd-şərtsiz şəkildə yerinə yetirməli, təxribatlardan əl çəkməlidir. Əminliklə deyə bilərəm ki, Paşinyanın davranışından asılı olmayaraq, Azərbaycan bütün məqsədlərinə çatacaq. Bu, 2020-ci ildə də belə idi, indi də belə olacaq. Seçim isə Nikol Paşinyana qalır. Diplomatiya və ya “dəmir yumruq”.





Mənbə: https://report.az/xarici-siyaset/deputat-nikol-pasinyan-rusiyanin-vasitecilik-roluna-hormetsizlik-numayis-etdirir/

Comments are closed, but trackbacks and pingbacks are open.