Elxan Məmmədov “Turan Tovuz” Futbol Akademiyasında olub

Elxan Məmmədov “Turan Tovuz” Futbol Akademiyasında olub



Elxan Məmmədov Turan Tovuz Futbol Akademiyasinda olub

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Tovuz rayonuna gedib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Məmmədov “Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən Futbol Akademiyasına baş çəkib, akademiyanın iş prinsipi, burada təşkil olunan məşqlər, yaradılan şəraitlə yerində tanış olub, hazırlıq keçən uşaqlara AFFA tərəfindən ayrılmış geyim dəstlərini təqdim edib.

Məlumat verilib ki, “Turan Tovuz” Futbol Akademiyasında bir neçə yaş qrupu üzrə uşaqlar üçün müntəzəm məşqlər təşkil olunur.

Tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Fərrux İsmayılov, “Turan Tovuz” Futbol Klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev, “Turan Tovuz” Futbol Akademiyasının kordinatoru Adil Şükürov iştirak ediblər.

AFFA və klub rəsmiləri aşağı yaş qruplarından ibarət komandanın üzvləri ilə birgə futbol oynayıblar.

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixili iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.

“Turan Tovuz” Futbol Akademiyası FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa edilib. Akademiyanın açılış mərasimi 2021-ci il yanvarın 16-da keçirilib.

“Turan Tovuz” Futbol Akademiyasının saxlanma xərclərinin qarşılanması məqsədilə AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb və beynəlxalq futbol qurumu müraciəti müsbət cavablandırıb. Qarşıdakı 3 il ərzində akademiya AFFA-nın vasitəçiliyi ilə FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşdiriləcək.





Mənbə: https://report.az/futbol-xeberleri/elxan-memmedov-turan-tovuz-futbol-akademiyasinda-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.