Emin Mahmudov: “Tərif eşidəndə göylərdə uçmuram”

Emin Mahmudov: "Tərif eşidəndə göylərdə uçmuram"


Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun “Report”a müsahibəsi

– Əvvəlcə milli komandanın 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçirdiyi son 3 oyundan başlayaq. Yığma sentyabrın əvvəlində baş tutan matçlarda cəmi 1 xal topladı. Təcrübəli futbolçu kimi bu nəticəni necə dəyərləndirirsiniz?

– Əlbəttə, daha çox xal yığa bilərdik. Çünki qrupda Lüksemburq və İrlandiya seçmələrinə qarşı daha yaxşı oynayacağımızı fikirləşirdik. Amma Lüksemburqla görüşün ilk hissəsində çox pis çıxış etdik. İkinci yarıda isə oyunu dəyişib, yaxşı mübarizə apardıq. Qol vurmaq üçün yaxşı epizodlar yaratdıq. Ən azı heç-heçə edə bilərdik. İrlandiya ilə matçda isə hər şey əksinə oldu. Birinci hissədə inamlı oynasaq da, ikinci yarıda oyunumuz alınmadı. Fikrimcə, hər şey daha yaxşı ola bilərdi. Amma bir xal topladıq.

– Yaxşı nəticələr qazana bilməməyinizə konkret olaraq, hansı amillər səbəb oldu?

– Oyunumuzda həmişə nə isə çatmır. Bəzi epizodlarda ustalığımız, bəzilərində digər məsələlər. Çatışmazlıqları aradan qaldırmaq üçün işləmək lazımdır.

– Yəqin, razılaşarsınız ki, Portuqaliya ilə oyun milli üçün heç də yaxşı alınmadı…

– Əlbəttə. Portuqaliya bizə futbol dərsi keçdi. Çox tez fikirləşirlər, topla davranışları əladır. Bütün komponentlərdə bizdən üstün idilər. Bu da normal haldır. Çünki onlar bu intensivliyə hər zaman hazırdırlar. Daha sürətli futbol oynayırlar. Futbolçuları Avropanın böyük klublarında çıxış etdiyi üçün bizdən daha üstündürlər.

– Çox adam deyir ki, millinin son 3 oyunundakı yeganə müsbət məqam Emin Mahmudovun çıxışı oldu. Bu fikirlərlə razısınız?

– Məncə, vurduğum qollara görə belə deyirlər. Yenə də bəzi məqamlarda daha yaxşı oynamalı idim. Xüsusilə Portuqaliya ilə matçda daha inamlı çıxış etməli idim. Amma buna görə göylərdə uçmuram. Futbol elədir ki, bu gün tərifləyirlər, sabah isə əksini deyirlər. Ona görə də həmişə nəyi daha yaxşı edə biləcəyimə baxıram.

– Millinin oyunları zamanı baş məşqçi Canni De Byazinin heyət seçimi çox tənqid olundu. Bu məsləyə münasibətinizi də bilmək maraqlı olardı…

– De Byazi hər oyunda mənə start heyətində meydana buraxdığı üçün seçimindən razıyam (gülür). Biz futbolçuyuq. Meydana kim çıxırsa, oynamalıdır. Ona görə də “elə olmalıdır, belə olmalıdır” deyə bilmərik. Öz işimizə peşəkar yanaşmalıyıq.

Emin Mahmudov Tərif esidəndə goylərdə ucmuram

– Üç oyunda qazanılan 1 xala görə milli üzvlərinə mükafat verildi?

– Uduzanda bizi məğlubiyyətə görə tənqid edirlər. Udanda isə ortaya pul söhbətini atırlar. Fikrimcə, bu, düzgün deyil. Bu səbəbdən udanda da, heç-heçə edəndə də sevinə bilmirsən. Bilirsən ki, yenə də tənqid olunacaqsan (gülür). Bütün dünyada mükafat olur. Bizdə niyə bu qədər müzakirə olunduğunu bilmirəm. Başqa yerlərdə daha yüksək mükafat verilir. Ona görə də bu barədə danışmağı xoşlamıram.

– “Neftçi” Premyer Liqanın III turunda evdə “Qarabağ”a 1:2 hesabı ilə uduzdu. İkinci hissənin əvvəlində vurduğunuz qol komandanızı məğlubiyyətdən xilas etmədi. Sizcə, rəqib sizi hansı komponentlərdə üstələdi?

– İlk hissəni bir az passiv keçirdik, aqressiv oynaya bilmədik. Daha çox müdafiədə oturduq. İkinci yarıda isə daha çox irəlidə oynamağa başladıq ki, “Qarabağ”ı meydanın onlara aid hissəsində sıxaq. Amma kiçik səhvlər bizim üçün böyük problemlər yaratdı, qollar buraxdıq. Fərqi azaltdıqdan sonra ikinci qolu da vura bilərdik. Lakin alınmadı. Artıq bu oyunu unudub, “Keşlə” ilə qarşıdakı matça köklənməliyik.

– Fərdi səhvlərdən qollar buraxdığınızı bildirdiniz. Yəni, demək istəyirsiniz ki, oyunu “Qarabağ” udmadı, siz özünüz uduzdunuz?

– Xeyr, heç vaxt elə demərəm. Futbol səhvlər oyunudur. Səni səhvə məcbur edən də rəqibdir. “Qarabağ” da bundan istifadə edib qələbə qazandı.

– Cari mövsümdə “Qarabağ”la ilk oyununuz idi. Artıq rəqibin gücünü, nəyə qadir olduğunu daha yaxından gördünüz. Çempionluq mübarizəsi böyük ehtimalla yenə bu iki komanda arasında gedəcək. Necə düşünürsünüz, ötən mövsümdəki uğuru təkrarlamaq çətin olmayacaq?

– “Qarabağ” ardıcıl 8 ildir avrokuboklarda qrupa vəsiqə qazanır. Bu mənada düşünürəm ki, komanda hər il öz səviyyəsini qoruyur, sabit çıxış edir. Ona görə də bu mövsüm daha yaxşı olub-olmadıqlarını deyə bilmərəm. Biz əsas öz oyunumuza fikir verməli, daha yaxşı hazırlaşmalı, çox mübarizə aparmalıyıq. Çünki “Qarabağ” çox xal itirən komanda deyil. Bizə mütləq qələbə qazanmaq lazımdır.

1631570467 764 Emin Mahmudov Tərif esidəndə goylərdə ucmuram

– Samir Abasov dünən mətbuat konfransında bildirib ki, yaş və legioner limiti götürülsə, yaxşı olar. Siz bu barədə nə deyə bilərsiniz? Legioner limiti ləğv olunsa, bu, yığmaya necə təsir edə bilər?

– Bir tərəfdən, limit gənc futbolçulara oynamaq şansı verir. Amma onlar da gərək bundan istifadə etsinlər. Digər tərəfdən isə limit yerli futbolçuların ölkə xaricinə çıxışına mane olur. Çünki klublar özlərinə lazım olduğu üçün gəncləri buraxmırlar. Çünki onun boşluğunu doldurmaqda çətinlik çəkirlər. Milli komanda baxımından çox futbolçunun legioner həyatı yaşaması daha faydalı olar. Amma məsələnin başqa tərəfi də var. Ölkə xaricinə gedə bilməyənlər burada da oynamasalar, problem olar.

– Avrokuboklardakı çıxışınız barədə soruşmaq istəyirəm. “Neftçi” niyə ən pis halda Konfrans Liqasının qrupuna düşə bilmədi?

– Səbəblər çoxdur. Biz özümüz də avrokuboklarda bu tempdə oynamağa tam hazır ola bilmədik, səhvlər etdik. Tbilisi “Dinamo”su bunu bağışlasa da, digər rəqiblərimiz bağışlamadı. Bir səbəb budur. Digər amillər də üstünə gələndə bizim üçün problemə çevrildi.

– Bu mövsüm həm klubda, həm də yığmada demək olar ki, bütün oyunlara start heyətində başlamısınız. Hətta Samir Abasov mətbuat konfranslarının birində demişdi ki, artıq Eminin bədənində su qalmayıb. Hazırda fiziki baxımdan özünüzü necə hiss edirsiniz?

– Çox oynadığım üçün şadam. Klubumda, millidə bu qədər görüş keçirdiyim üçün sevinirəm. Yığmanın formasını geyinəndə qürur duyuram. Hər oyundan sonra tez bərpa olmaq üçün əlimdən gələni edirəm. Çünki “Neftçi”də oyun buraxa bilmərəm. Komandaya lazım olduğum vaxtda kapitan kimi özümə istirahət verə bilmərəm.





Mənbə: https://report.az/futbol-xeberleri/emin-mahmudov-terif-esidende-goylerde-ucmuram/

Comments are closed, but trackbacks and pingbacks are open.