Gerçəkləşən Şuşa xəyalımız… – Pənahəli xanla Nuri Paşaya ödənilməyən borcumuz… – Aqil Ələsgər yazır – Yenicag.Az

Gerçəkləşən Şuşa xəyalımız… – Pənahəli xanla Nuri Paşaya ödənilməyən borcumuz… – Aqil Ələsgər yazır


Şuşa hər bir azərbaycanlının xəyalı idi…

Şuşa hər bir azərbaycanlının ürəyində yara idi…

Şuşanın erməni tapdağında olması hər bir azərbaycanlının utanc yeri idi…

Paşinyanın Cıdır düzündə yallı getməsi hər bir azərbaycanlını təhqir etmək idi…

Bəlkə də öz yurd-yuvasının işğalı belə heç bir qarabağlını Şuşanın işğalı qədər yandırmamışdı…

Çox şükür!

Çox şükür ki, artıq Şuşa ilə bağlı o utanc anları tarixə qovuşdu…

Gercəkləsən Susa xəyalimiz… – Pənahəli xanla Nuri Pasaya odənilməyən borcumuz…
Aqil Ələsgər

Artıq Şuşa bizimdir…

Artıq Şuşa xəyalımız deyil…

Artıq Cıdır düzündə biz yallı gedirik…

Şuşaya hələlik getmədiyi üçün üzülən, qırğın olanları elə gözəl anlayıram ki…

Hər kəs, hər bir azərbaycanlı, ürəyində Şuşaya aid özəl yer olan hər insan bir an öncə Şuşaya getmək istəyir.

Bəzən haqlı, bəzən haqsız olaraq layiq bilmədiyini Şuşada görəndə əsəblərinə hakim ola bilmir bəziləri…

Bəziləri isə ümidsizcəsinə Şuşadan torpaq istəyir hər səfər edəndən…

Ancaq bir il öncə xəyal belə etmədiyimiz, duadan çox rişxəndə çevrilən “Gələn il Cıdır düzündə, Şuşada olaq” sözləri bu günün reallığıdır…

Şuşa artıq əlçatmaz deyil, əlçatandır.

Təbii ki, işğaldan yeni azad olunub və təhlükəsizlik kimi maneələr var hər bir vətəndaşın sərbəst gedib görməsi üçün…

Ancaq müvəqqəti olaraq…

O keçərkən, böyük inşaatların divarlarına yazıldığı kimi, “Müvəqqəti narahatlığa görə üzr istəyirik”.

Bəli, Şuşaya insanımızın əlini-qolunu sallayaraq getməsinə də çox qalmayıb.

*

Mən bir neçə ay öncə Ağdama gedərkən bu torpaqlara qayıtmağın onillər alacağını düşünürdüm. Ancaq bu gün illərdən deyil, ayların bu torpaqlara qovuşmaq üçün yetərli olduğunu düşünürəm. Çünki gözlərimlə gördüm gedən prosesi. Təkcə Şuşada deyil, Füzulidə, Ağdamda, Zəngilanda, Kəlbəcərdə dayanmadan iş gedir. Laçının mərkəzinin bir an öncə rus çəkmələrindən təmizlənməsi üçün gecə-gündüz iş gedir.

Bəs Xankəndi? O nə olacaq? Ermənidəmi qalacaq? Baxın, tam da bir il öncə generalımız şəhid edilib, Tovuz gülləbaran edilmişdi. Qarabağı azad etməyi boş verin, Tovuzun-Qazaxın işğal ediləcəyindən bəhs edirdi bu gün “Xankəndi” davası döyüb sevincimizi qursağımızda boğmaq istəyənlər. Bir il öncə Tərtərdən o tərəfə addım belə ata bilməyənlər bu gün Qarabağın beşdə dördündə Azərbaycan əsgərinin olmasını qəbul edə bilmirlər. Bu gün namus qalamızı – Şuşanı düşməndə qoymayan, həm də rusa-farsa rəğmən bunu edən GÜC Xanın kəndini erməniyəmi buraxacaq?! Sadəcə hər şeyin zamana ehtiyacı var və o zaman gəldiyində bu dəfə də, “Zəngəzuru tutduq, bəs İrəvan?” – deyə şikayətlənəcək biriləri… Bəziləriniz, “o qədər də yox da”, – deyə düşünə bilər, necə ki, Vətən müharibəsi başlayana qədər “Cıdır düzündə Novruz Tonqalı qalayacağıq” sözü hamımıza nağıl kimi gəlirdi.

Tarix qətiyyətli və sözünün əri olan liderləri yazır. Necə ki, Sultan Alparslan, Səlahəddin Əyyubi, Fateh Sultan Mehmet, Şah İsmayıl tarixə damğa vurublar. Atasının və xalqının arzusunu reallaşdıran İlham Əliyev də 300 il sonra işğal olunan torpaqlarımızı geri alan lider kimi tariximizin qızıl səhifələrinə adını yazdırdı. Ancaq missiyası bitmədi və biz məhz onun komandanlığında Qərbi və Şərqi Zəngəzurun birləşməsini də mütləq görəcəyik…

*

Şuşa bizim röyamız idi. Heç vaxt Şuşada olmasam da, sanki daşı ilə, divarı ilə doğmaydı şəhər. Küçələrini gəzdikcə dağılan evlər, uçurulan divarlar insanla danışırdı. Ancaq payızın astanasında olsaq da, sanki bahar gəlmişdi Şuşaya… Təbiəti də, dağı da, daşı da gülürdü üzümüzə… Ən əziz adamları qonaq gəlmiş kimi…

*

Şuşada olarkən diqqətimizi bir məqam çəkdi.

Şəhərdə Vaqifin muzeyi və digərlərinin xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq yerlərin sovet dövründən bəri mövcud olmasına rəğmən, Şuşanı tikən, Xanlığın paytaxtı halına salan Pənahəli xan Cavanşirlə bağlı heç nə yoxdur. Sovet dövründə olmaması anlaşılan idi. Artıq Şuşa bizimdir və bizim olan Şuşada, elə Cıdır düzündə əli qılınclı Pənahəli Xanın abidəsi möhtəşəm olmazmı? Əlbəttə, Şuşa yenidən bərpa olunur, tikilir. Ancaq bu da bizdən bir təklif olsun Şuşanın memarlarına… Bu ərazini bizə yurd edən Pənahəli xana bir heykəl çox görülməməlidir Qalada…

Eyni zamanda, vəfa borcu olduğumuz başqa bir qəhrəmanımız da var ki, illərdən bəri heykəlinin qoyulacağını gözləyirik. Onun işğaldan azad etdiyi Bakıda hələ də xain 26 Bakı komissarının adına küçə var, ancaq təəssüf ki, Nuri Paşa könüllərimizdə heykəli qoyulan dövlət böyüklərimizdən olsa da, işğaldan qurtardığı Bakıda adına bir barelyef belə yoxdur. Tək və özünə oxşamayan büst də Türkiyə səfirliyi ərazisində, yəni rəsmi olaraq Türkiyədədir.

Həm Nuri Paşa, həm də Pənahəli Xanın adının əbədiləşdirilməsi dövlət və xalq olaraq bizim borcumuzdur. Gec də olsa, hər iki dövlət böyüyümüzə sayğı və ehtiramımızı bu şəkildə bildirməliyik ki, bizdən sonra gələn nəsillər üçün örnək olsun…

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/gerceklesen-susa-xeyalimiz-penaheli-xanla-nuri-pasaya-odenilmeyen-borcumuz-aqil-elesger-yazir/

Comments are closed, but trackbacks and pingbacks are open.