Gübrə bazarındakı defisit Azərbaycanda məhsuldarlığı aşağı sala bilərmi?

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Avropanın enerji bazarındakı təlatümlər əlaqəli sahələrə də sıçrayıb. Belə ki, hazırda qlobal mineral gübrələr bazarında böhranlı vəziyyət müşahidə edilir. Xüsusilə azot gübrələrinin istehsalında təbii qaz maya dəyərinin əhəmiyyətli hissəsini təşkil edir. Təbii qazın qiymətlərinin bir ildə 5-6 dəfə bahalaşması ayrı-ayrı Avropa şirkətlərini istehsalı dayandırmağa və ya məhdudlaşdırmağa sövq edib. Belə ki, “CF Industries” Böyük Britaniyadakı zavodlarını dayandırıb, Norveçin “Yara” şirkəti Avropadakı zavodlarında istehsalı 40 % azaldacaq, İspaniyanın “Fertiberia” şirkəti bir amiak qurğusunu istismardan çıxarıb.

Dünya mineral bazarındakı vəziyyəti daha da gəlizləşdirən bir sıra digər faktorlar da var. Əvvəla Çin daxili kənd təsərrüfatı bazarında böhranı önləmək üçün gələn aydan mineral gübrələrin ixracını dondura bilər. Fosforlu gübrələrin qlobal ixracının 30 %-i bu ölkənin payına düşür. Bazarda artıq anomal bir situasiya yaranıb. Azot gübrələr fosfor gübrələrdən daha baha satılmağa başlanıb. Halbuki, normalda fosfor gübrələrdən 1,5-2 dəfə ucuz idilər. Karbomidin bir tonunun satış qiyməti 9 ilin maksimumuna yüksələrək bir ton üçün 650 ABŞ dolları olub. Bu mineral gübrənin qiymətləri illin əvvəlindən 70 % bahalaşıb.

Qlobal gübrə bazarındakı son tensiyaların Azərbaycana təsirlərini “Report”a şərh edən Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının sədri Əbdülhüseyn Abdullayev bildirib ki, bu gün aktiv maddənin bahalaşması gübrə istehsalçılarını qiymətləri artırmağa sövq edir:

“Qiymət artırmı özünün günbə-gün göstərir. Proses hələ bir müddət də davam edəcək, çünki qiymətlər pik həddə belə çatmayıb. Təbii qaz azot gübrələrinin maya dəyərinin 80 %-ni təşkil edir. Qaz qiymətlərinə görə azot gübrələrinin istehsalı rentabelli deyil. Buna görə də onların istehsalı ilə məşğul olan Avropa şirkətləri kütləvi şəkildə bağlanır və ya istehsalı əhəmiyyətli dərəcədə azaldırlar. Bu isə bazarda gübrə qıtlığının yaranmasına və qiymətlərin oynaması ilə şərtlənir. Artıq bu təsirlər bizdə də hiss edilməkdədir. Gübrə idxal etdiyimiz əsas bazarlardan biri Rusiyadır. Orada isə hər ay üçün fərqli qiymətlər müəyyən edilib. Avropadakı partyorlarımızlarda analoji vəziyyət müşahidə olunur. İki gün öncə gübrə istehsalı ilə məşğul olan bir İtalya şirkətinə müraciət etdik. Lakin hazırda aktiv maddə ala bilmədiyini səbəb göstərib bir ay sonra hansı qiymətə gübrəni satacağını bilmədiyini deyir. Məsələ ondadır ki, tədarük uzun zaman alan bir prosesdir. Minimum 45 gün öncədən tədarük edilir, çünki daşınması 1-1,5 ay çəkə bilər. Daşınma xərcləri də əhəmiyyətli dərəcədə artıb. Əvvəl Çindən bir konteynerin daşınma xərci 5-6 min ABŞ dolları idisə indi bunun az qala iki qatı tələb edilir. Bazardakı qiymət artımının minimum həddi 15-17 %, maksimum həddi 25-30 %-dir”.

Ekspert hesab edir ki, Azərbaycanda məhsuldarlıq səviyyəsini qoruyub saxlamaq üçün ənənəvi gübrələrin alternativlərindən istifadə genişləndirilməlidir:

“Dünya bazarında cərəyan edən proseslər fonunda Azərbaycandakı gübrə idxalçıları da avtomatik olaraq öz məhsullarının qiymətini artırmağa başlayıblar. Ona görə də, məhsuldarlıq səviyyəsini qoruyub saxlamaq və kənd təsərrüfatı mallarının qiymətinin artımını önləmək üçün alternativ vasitələr axtarılmalıdır. Belə ki, orqanik mineral tərkibli gübrələrin idxalı artırılmalı, daxili bazarda istehsal etdiyimiz bioloji gübrələrin istehsalı genişləndirilməli, heyvan mənşəli gübrələrə keçid təmin olunmalıdır. Bununla xarici bazarlardan asıllığımızı azaltmaqla, qlobal mineral gübrə bazarındakı təlatümlərdən özümüzü əhəmiyyətli dərəcədə sığortalanmış olacayıq. Öz növbəsində ölkəmizdə fermerlərin gübrə ilə təminatında subsidiyalaşdırma mexanizminin olması onlara dəyə biləcək mənfi təsirləri minimuma endirməyə imkan verəcək. Subsidiyalarn həcminin birbaşa olaraq məhsuldarlıq səviyyəsinə bağlı olması isə fermerlər üçün əlavə stimullaşdırıcı amildir”.





Mənbə: https://report.az/ask/gubre-bazarindaki-defisit-azerbaycanda-mehsuldarligi-asagi-sala-bilermi/

Comments are closed, but trackbacks and pingbacks are open.