Hulusi Akar Vətən müharibəsi şəhidi Valeh Məmiyevin ailə üzvləri ilə görüşüb

Hulusi Akar Vətən müharibəsi şəhidi Valeh Məmiyevin ailə üzvləri ilə görüşüb



Hulusi Akar Vətən muharibəsi səhidi Valeh Məmiyevin ailə uzvləri ilə

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinin üzvləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdə keçirilən görüşdə şəhidin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev iştirak edib.

Bundan başqa, tədbirə Türkiyədə təhsilini davam edən Vətən müharibəsi şəhidlərinin övladlarından Anar İbrahimli, Şəbnəm Qubadova, habelə Vətən müharibəsi qazisi Ayxan Mövsümov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qatılıb.

H.Akar başda Valeh Məmiyev olmaqla Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət, qazilərinə isə şəfa diləyib:
“İki il öncə bir təlimdə qarşılaşdığımızda Valehə “Bura təlim yeridir. Hünər 30 il işğal altındakı əraziləri azad etməkdir” dedim. Valeh də mənə Azərbaycanın öz ərazilərini azad etmək üçün şərəf sözü verdi. Orada biz tarixə şahid olduq. Şəhidlərimizin, qazilərimizin vətən, millət, bayraq uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqlar əsla unudulmayacaq. Onların xatirələrini əsla unutdurmayacağıq”.

Nazir azərbaycanlı tələbələrə də xitab edərək onları daha çox çalışmağa, sahib olduqları biliklərlə gələcəyi qurmağa çağırıb: “Ölkənizə qayıdanda Türkiyənin könüllü elçiləri olacaqsınız, iki ölkə arasındakı dostluq və qardaşlığın daha da inkişaf etməsi üçün töfhə verəcəksiniz”.

Görüşün sonunda azərbaycanlı tələbələr Azərbaycan bayrağını müdafiə nazirinə, o isə, öz növbəsində, Vətən müharibəsi şəhidi baş leytenant Valeh Memiyevlə çəkilmiş şəkli şəhidin ailəsinə hədiyyə edib.

Qeyd edək ki, H.Akarın dəvəti ilə şəhidin ailəsi hazırda Türkiyədə səfərdədir.

Xatırladaq ki, V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub.

Təlimlərdən sonra H.Akar Məmiyevə mükafat təqdim edib, şəkil çəkdirib və söhbət edib. Türkiyəli nazir hərbçilərə üz tutaraq bunu söyləyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox yaxşıdır. Ancaq əsas vəzifəniz 30 ildir işğal altındakı torpaqlarınızı azad etməkdir. Buradakı uğurlarınızı döyüş meydanında da sübut etməlisiniz”.

V.Məmiyevin cavabı isə belə olub: “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmr gələn kimi ərazilərimizi işğaldan azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”. Qubadlı uğrunda döyüşdə yaralanan hərbçi yerləşdirildiyi xəstəxanada məqsədinə çatdığını söyləyib: “Mən artıq məqsədimə çatmışam. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bir müddət sonra yaralı hərbçi şəhid olub.





Mənbə: https://report.az/qarabag/hulusi-akar-sehid-valeh-memiyevin-aile-uzvleri-ile-gorusub/

Comments are closed, but trackbacks and pingbacks are open.