İbrahim Kalın: “Azərbaycan Qarabağ məsələsində beynəlxalq hüquqa uyğun hərəkət edib”

İbrahim Kalın: "Azərbaycan Qarabağ məsələsində beynəlxalq hüquqa uyğun hərəkət edib"



Ibrahim Kalin Azərbaycan Qarabag məsələsində beynəlxalq huquqa uygun hərəkət edib

“Qırx dörd günlük müharibədən sonra əldə edilən zəfər həm türk, həm də azərbaycanlı qardaşlarımız üçün böyük qələbədir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.

“Bu, 30 illik dondurulmuş münaqişə idi. İllərlə deyirdik ki, münaqişə dialoq yolu ilə həll olunmalıdır. Keçən il bu hadisələr Ermənistan tərəfinin təcavüzkar münasibəti nəticəsində başladı”, – sözçü qeyd edib.

Kalın bildirib ki, Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam uğurdur:

“Azərbaycan hər zaman bu məsələdə məsuliyyətlə hərəkət edib. Azərbaycan təcavüzkar münasibət göstərmədi, beynəlxalq hüquqa uyğun davranış nümayiş etdirdi. Bu ölkə zəfərə layiqdir. Burada Türkiyə ilə əməkdaşlıq, həmişə dediyimiz kimi “İki dövlət, bir millət” nümunələrindən biri idi. Prezidentlər və xarici işlər nazirlərimiz, Türkiyə və Azərbaycan ordusu çox böyük vaxt sərf etdilər. Bu qələbə asanlıqla qazanılmadı, şəhid verildi. Nəticədə böyük qələbə əldə edildi”.

Türkiyə Prezidenti Administrasiyasının sözçüsü vurğulayıb ki, hazırda azad edilmiş Qarabağın yenidən qurulması prosesi davam edir:

“Bir il keçdi və bu bir ildə qət edilən məsafə qürur doğurur. Cənab İlham Əliyev şəxsən Qarabağla maraqlanır. Onun bütün komandası bu istiqamətdə çalışır”.

Ermənistanla münasibətləri normallaşdırmağa müsbət yanaşdıqlarını deyən Kalın əlavə edib: “Ermənistanla diplomatik əlaqələrimizi kəsməyimizin və sərhədləri bağlamağımızın əsas səbəbi Qarabağın 1992-ci ildə işğalı idi. Hazırda bu problem həllini tapdıqdan sonra Ermənistanla münasibətlərimizin normallaşmasına heç bir maneə yoxdur. Ancaq Qarabağ məsələsində həll edilməli olan bəzi məsələlər var”.





Mənbə: https://report.az/qarabag/ibrahim-kalin-qarabag-meselesinde-azerbaycan-beynelxalq-huquqa-uygun-hereket-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.