“İlham Əliyev Azərbaycanın milli maraqlarını bütün platformalarda qətiyyətlə müdafiə edib”

"İlham Əliyev Azərbaycanın milli maraqlarını bütün platformalarda qətiyyətlə müdafiə edib"


“Doğma torpaqlarımızın işğaldan azad edilərək öz sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşayır və Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı qoyduğu təməllər xalq olaraq bizi daha da iftixarlandırır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə birliyimizin, həmrəyliyimizin, “Dəmir yumruq” kimi birləşməyimizin təcəssümüdür: “Bu birlik eyni zamanda orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq səhifə yazdı. “Qarabağ Azərbaycandır!” şüarı Vətən müharibəsinin rəmzinə çevrildi”.

 Fatma Yıldırım

Fatma Yıldırım

Deputat bildirib ki, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, mühüm mesajlar verib: “Biz rayon ictimaiyyətinin hədsiz sevincinin şahidi olduq. Çünki 30 ilə yaxın həsrətdən sonra doğma yurda qayıtmaq həmin insanlar üçün ən unudulmaz anlardır. Bilirsiniz ki, Prezidentin bölgələrə səfərləri, xüsusilə işğaldan azad olunmuş ərazilərimizə səfərləri yeni-yeni təməlqoyma və açılış mərasimləri ilə müşayiət olunur. Dövlət başçısının Cəbrayıla səfəri də bu baxımdan əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, səfər zamanı Prezident İlham Əliyev Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Memorial Kompleksin təməlinin qoyulması Vətən müharibəsində qələbənin və şəhidlərimizə olan dərin hörmətin əyani təzahürüdür”.

F.Yıldırım əlavə edib ki, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması qərarı bölgənin sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edəcək.

O vurğulayıb ki, Cəbrayılda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası isə rayonda yerləşən hərbi obyektlər, yeni yaradılan sosial-iqtisadi infrastruktur, Cəbrayıl şəhəri və bütövlükdə rayonun bütün kənd-qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsində boyük rol oynayacaq”.

Ilham Əliyev Azərbaycanin milli maraqlarini butun platformalarda qətiyyətlə mudafiə edib

Deputat Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon mərkəzi xəstəxanasının, akademik Mehdi Mehdizadə adına 960 şagirdin təhsil alacağı tam orta məktəb binasının təməllərinin qoyulmasını da “Böyük Qayıdış” istiqamətində atılan vacib addımlar kimi səciyyələndirib: “Bütün bunlar onu göstərir ki, bölgələrin inkişafı, tərəqqisi infrastruktur layihələrinin uğurlu icrasından asılıdır. Ümumilikdə, tarixi Zəfərimizdən sonra ilk addımlar bu ərazilərdə müasir infrastrukturun yaradılması istiqamətində görülən işlərlə xarakterizə olunur. Bir daha tam əmin oluruq ki, atılan hər bir addım Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verəcək. Eyni zamanda həmin bölgələrə qayıdan insanların işlə təmin olunması, onların sosial rifahı da dövlətimizin diqqət mərkəzindədir. Əslində, görülən bütün işlərdə vətəndaş amili öndə dayanır”.

“Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyəti ilə görüşündə vacib məqamlara toxundu, münaqişə dövründə baş verən hadisələri xatırlatdı, müəyyən beynəlxalq güclərin təzyiq cəhdlərindən danışdı. Bütün bunlar göstərir ki, Prezident Azərbaycanın milli maraqlarını bütün platformalarda daima mərdanə, qətiyyətlə müdafiə edib, xalqımızın əleyhinə olan planları pozub və Qarabağın işğaldan azadlığı üçün məqsədyönlü fəaliyyət göstərərək böyük uğurlara imza atıb. Nəticə isə bizim şanlı Zəfərimizdir. Azərbaycan xalqı olaraq Prezidentimizlə fəxr edirik!”, – o vurğulayıb.





Mənbə: https://report.az/daxili-siyaset/ilham-eliyev-azerbaycanin-milli-maraqlarini-butun-platformalarda-qetiyyetle-mudafie-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.