“İlham Əliyev növbəti dəfə şəhidlərimizin ruhuna sonsuz minnətdarlıq və ehtiramını bildirdi” – RƏY

"İlham Əliyev növbəti dəfə şəhidlərimizin ruhuna sonsuz minnətdarlıq və ehtiramını bildirdi" - RƏY


“Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başladılan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən il sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin, eləcə də qismən hərbi səfərbərliyin elan olunması həmin günün unudulmaz hadisələridir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, bu çağırışdan və qərarlardan sonra yaşından asılı olmayaraq on minlərlə vətəndaş könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər: “Xalqda həmin gün böyük coşqu var idi. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başlamışdı. Biz torpaqlarımızın azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir”.

 Fatma Yıldırım

Fatma Yıldırım

Deputat xatırladıb ki, Azərbaycan dövlətinin qətiyyəti, ordusunun gücü, Müzəffər Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqın birliyi ilə erməni işğalına son qoyulub: “Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Ötən il noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanat Azərbaycanın siyasi qələbəsi oldu. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı gündən, baxmayaraq ki, döyüş meydanında üstünlük bizim tərəfimizdə idi, yenə də münaqişənin danışıqlar masası ətrafında həllinin vacibliyini bəyan edərək Ermənistandan irəli sürülən şərtlərə əməl etməyi tələb edirdi. 44 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu. Xalqımız tam əmin idi ki, Prezidentimiz İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Digər vacib məsələ, Prezidentimizin dediyi kimi, Dağlıq Qarabağa heç bir status verilməyəcək. Eyni zamanda, bəyanata əsasən üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı”.

O bildirib ki, 27 sentyabr Anım Günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində bir daha şəhidlərimizin ruhuna sonsuz minnətdarlıq və ehtiramını bildirdi və onların göstərmiş olduğu rəşadətin və şücaətin xalqımızın ürəyində əbədi yaşayacağını diqqətə çatdırdı: “Bu müraciət, həm də 44 günlük Vətən müharibəsinin dünənin, bugünün və gələcəyinin siyasi, tarixi, hərbi, hüquqi, haqq-ədalət, humanizm aspektdən dərindən təhlili idi. Bununla bərabər bu müraciətdə həm xalqımız, həm də bölgə və dünya üçün çox ciddi mesajlar səsləndirildi. Bundan əlavə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 27-də – Anım Günündə Bakıda təşkil edilən yürüşdə iştirak etdilər. Hesab edirəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki vətəndaşlarımızın hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər”.

1632888472 767 Ilham Əliyev novbəti dəfə səhidlərimizin ruhuna sonsuz minnətdarliq və ehtiramini

F.Yıldırım deyib ki, qələbənin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynayıb: “Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman xatırlayacaq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın ölkəmizə qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.

Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmələrini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir. Bununla yanaşı, düşmənin vandalizm aktları törətdiyi doğma torpaqlarımızda sürətlə yenidənqurma, bərpa-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, dövlətimiz azad olunmuş ərazilərdə hərbi cəhətdən də möhkəmlənməkdə davam edir, özünün sərhədlərini qoruyur, Türkiyə ilə birgə hərbi təlimlər keçirən ordumuz öz gücünü və təcrübəsini günü-günüdən daha da artırır. Bütövlükdə, hesab edirəm ki, qazandığımız qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı, cəmiyyəti möhtəşəm birlik nümayiş etdirərək ordumuzla, Müzəffər Ali Baş Komandanımızla sıx birlik nümayiş etdirdi. Bu amil bizim qələbəmizdə çox mühüm rol oynadı. Hörmətli Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim qarşımızda dayana bilməz və belə də oldu”.





Mənbə: https://report.az/daxili-siyaset/ilham-eliyev-novbeti-defe-sehidlerimizin-ruhuna-sonsuz-minnetdarliq-ve-ehtiramini-bildirdi-rey/

Comments are closed, but trackbacks and pingbacks are open.