“İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun bu gündən qüvvəyə minir

"İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun bu gündən qüvvəyə minir



Insan orqanlarinin donorlugu və transplantasiyasi haqqinda qanun bu gundən quvvəyə

Bu gündən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minir.

“Report”un xəbərinə görə, Qanun 5 fəsil, 35 maddədən ibarətdir.

Sənəddə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan orqanların götürülməsi məsələləri öz əksini tapıb.

Qanunda canlı donordan orqanın götürülməsi qaydası və şərtləri aşağıdakı kimi müəyyənləşib:

– Digər tibbi üsullarla və meyit orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqanların transplantasiyasına yol verilir.

– Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsi zərurəti və mümkünlüyü tərkibində həkim-transplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkiminin iştirakı, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləşdirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokol şəklində rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə daxil edilir.

– Canlı donordan transplantasiya yalnız həkim komissiyasının qərarının protokolunda transplantasiya məqsədilə donor orqanının götürülməsi nəticəsində canlı donorun orqanizminə sağlamlığın geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə, əlilliyə gətirib çıxaran ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması barədə rəyin olduğu halda həyata keçirilir.

– Canlı donordan transplantasiyanın zəruriliyi və mümkünlüyünə dair həkim komissiyasının qərarının protokol forması, canlı donordan donor orqanın götürülməsi və transplantasiyanın təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Canlı donordan orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

– Canlı donor resipiyentin qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır;

– Qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir;

– Canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;

– Canlı donor orqanların götürülməsinə kənar təsirlər olmadan, könüllü şəkildə qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bildirməlidir.

– Hər hansı şəxsi orqanların götürülməsinə məcbur edənlər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Qanunda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşib və aşağıdakı kimidir:

– Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

– Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

– Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.





Mənbə: https://report.az/sehiyye-xeberler/insan-orqanlarinin-donorlugu-ve-transplantasiyasi-haqqinda-qanun-quvveye-minir/

Comments are closed, but trackbacks and pingbacks are open.