Kiyevdə Azərbaycanın Zəfər günü sərgisi təşkil olunub

Kiyevdə Azərbaycanın Zəfər günü sərgisi təşkil olunub



Kiyevdə Azərbaycanin Zəfər gunu sərgisi təskil olunub

Kiyevdə, Azərbaycanın Ukraynadakı səfirliyində 8 noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə əklil və gül dəstələri düzüblər. Səfirliyin kollektivi, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin və diasporun üzvləri abidə önündə Heydər Əliyevin xatirəsini qələbə günündə bir daha yad ediblər.

Sonra səfirlikdə davam edən tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə həmçinin Ukraynada yaşayan azərbaycanlı rəssam Əsgər Cavadovun yağlı boya ilə çəkilmiş “Qələbənin zirvəsində” əsəri nümayiş olunub.

Tədbirdə xarici ölkələrin Ukraynadakı səfirləri, Ali Radanın deputatları, GUAM-ın Baş Katibliyinin nümayəndələri, Ukrayna ali təhsil ocaqlarının rəhbərləri, politoloqlar və yerli KİV-lər iştirak ediblər.

Bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb və iştirakçılar 44 günlük Vətən müharibəsinə həsr olunan sənədli filmə baxıblar.

Çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ötən ilin sentyabrın 27-də əks hücuma keçən Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində göstərdiyi rəşadətdən danışıb. Səfir qeyd edib ki, Azərbaycanın Müzəffər Ordusu erməni mifini 44 gündə darmadağın etdi, dünya müharibə tarixində yeni mərhələnin təməlini qoydu, dünyaya güclü Azərbaycanın şücaətini göstərdi:

“Azərbaycan hüdudlarından kənarda yaşayan azərbaycanlılar, o cümlədən Ukraynadakı diplomatik korpusumuz və diaspor birlikdə hamı bir nəfər kimi ideoloji mübarizə apardı, xaricdə informasiya arenasında əllərindən gələni etdilər. Məsələn, bu gün burada iştirak edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporun təşkilatının sədri Hikmət Cavadovu və digər təşkilatları nümunə göstərərdim. 44 günlük Vətən Müharibəsində qardaş Türkiyə daim Azərbaycanın yanında oldu və öz dəstəyini əsirgəmədi. Ukrayna dövləti də Azərbaycanın haqlı mübarizəsini dəstəklədi”. Səfir vurğulayıb ki, bu gün isə Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması təşəbbüsü ilə çıxış edir.

Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə isə deyib ki, daim yumruq kimi bir olan Türkiyə və Azərbaycan 44 günlük müharibədə də bir yerdə oldu: “Azərbaycan haqlı mübarizəsində 30 illik həsrətinə son qoydu. Bu yolda şəhid olanları sevgi ilə xatırlayırıq, qəhrəmanlıq göstərənlərə minnətdarlığımızı bildiririk. Qarabağ Azərbaycan torpaqları ola-ola beynəlxalq təşkilatlar BMT-nin qətnamələrini yerinə yetirmədi. 44 günlük Vətən Müharibəsi Azərbaycanın haqlı savaşı idi. Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyənin əbədi qardaşlığının bariz nümunəsidir”. Y.Ə. Güldərə vurğulayıb ki, bu gün Azərbaycan Cənubi Qafqazda barış, sülh istəyir. Ermənistan Azərbaycanın sülh çağırışına müsbət verməli, Cənubi Qafqazda yeni mühit yaradılmalıdır.

GUAM Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radanın Azərbaycan ilə parlamentlər arası İşçi qrupunun rəhbəri Valeriy Kolyux çıxış edərək 44 günlük müharibənin tarixi əhəmiyyətindən danışaraq, Azərbaycan xalqını və Prezidentini təbrik ediblər.

Tədbir Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin sədri, Ukrayna Xalq artisti Qurban Abbasovun və Nataliya Kudryaşovanın ifasında musiqi nömrələri ilə davam edib.





Mənbə: https://report.az/xarici-siyaset/kiyevde-azerbaycanin-zefer-gunu-sergisi-teskil-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.