Mahir Məmmədov: “Komandada heç kimi ittiham edə bilmərəm”

Mahir Məmmədov: "Komandada heç kimi ittiham edə bilmərəm"


Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FIDE-nin vitse-prezidenti Mahir Məmmədovun “Report”a müsahibəsi

– Sloveniyanın Çatej şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycan komandalarının çıxışı barədə nə deyə bilərsiniz?
– Qadınlardan ibarət millinin çıxışı qənaətbəxş alındı. Turnirin əvvəlində biz ümumi komanda reytinqində 5-6-cı yerlərdə idik. Yarışın sonunda 3-cü yeri tutmağa müvəffəq olduq. Qalib gəlməli olduğumuz görüşlərin hamısını udduq. Qüvvələr nisbətinin xeyrimizə olmadığı iki qarşılaşmadan isə məğlub ayrıldıq. Yığma üzvləri öz səviyyələrində oynadılar. Burada bütün şahmatçıların payı bərabər idi. 5 təmsilçimizdən 4-ü şəxsi əmsallarını qaldırdı. Sevindirici haldır ki, birinci lövhə çox yüksək səviyyədə çıxış etdi. Digər lövhələr də bizi məyus etmədilər. Bir az Gülnar Məmmədovada nisbi uğursuzluq oldu. Onu da nisbi hesab edirik. Prinsipcə, hər şey istədiyimiz kimi idi. Komandanın kapitanı Fikrət Sideifzadənin də işini qeyd etmək lazımdır. Uzun illər yığmaya kapitanlıq edir, təcrübəli idman müəllimimizdir. Özü də əvvəllər görkəmli şahmatçı olub. Qızlardan ibarət komandamız çox gəncdir. Çempionatın bağlanışında mən də iştirak etdim və şahmatçılarımızı mükafatlandırdım. Bağlanışda çıxış edənlər bildirdilər ki, bu komanda gənc və perspektivlidir. Həmçinin öz səviyyəsini nümayiş etdirir.

– Kişilər qitə çempionatını 5-ci sırada bitirdi. Medalçılar sırasına düşməyə nə mane oldu?
– Sonuncu turadək birinci yeri tutmaq şansımız var idi. Fransanı uda bilsəydik, birinci yerə çıxacaqdıq. Görüşü heç-heçə ilə başa vursaydıq, ikinci olurduq. Təəssüf ki, sonuncu görüşün sonuncu partiyasında bəxtimiz gətirmədi. Qalib gəlmək və heç-heçə etmək əvəzinə uduzduq. Uduzmalı deyildik, minimum ikinci yer bizdə idi. Bütün turnir boyu birinci pillədə olduq. Bir turda ikinci yerə düşmüşdük. Qalan hamısında isə lider idik. Nə deyim? Komanda üzvləri bacardıqları qədər səy göstərdilər.

Mahir Məmmədov Komandada hec kimi ittiham edə bilmərəm

– Sonuncu partiyadan danışdınız. Düşünmürsünüz ki, Azərbaycan komandası ondan əvvəlki partiyada – Ukrayna ilə görüşdə tələsik heç-heçə etməklə artıq medalları aldən verdi?
– Tam olmasa da, qismən razıyam. Çünki Ukraynanı uda bilsəydik, sonuncu turda bizə olan təzyiq zəif olardı. Rəqibimiz isə Fransa yox, digər ölkələr – Polşa və ya İspaniya ola bilərdi. Hər bir şey ola bilərdi. Bir hadisənin nəticəsində digər hadisənin başlanğıcı start götürür.

– Burada bir az müəmmalı məsələ də var. Şəhriyar Məmmədyarov Ukrayna ilə görüşdə oynamadı və sonuncu turda Fransaya qarşı yeganə məğlubiyyəti də o aldı…
– Alireza Firuzca hazırda reytinqinə görə dünyanın ikinci şahmatçısıdır. Ona uduzmaq ayıb deyil, özü də qara fiqurlarla. İdmanda belə hallar olur. Şəhriyar karyerasında dəfələrlə Firuzca ilə uğurlu rəqabət aparacaq. Biz danışmışdıq ki, hər oyunçu 9 turdan 8-də iştirak etsin. Şəhriyar Məmmədyarov da biz az yorulmuşdu. 7 tur dincəlmədən oynadı deyə, komanda daxilində ona dincəlmək hüququ verildi.

1637587439 706 Mahir Məmmədov Komandada hec kimi ittiham edə bilmərəm

– Bir çoxları düşünür ki, Ukrayna ilə qarşılaşma danışılmış idi. Partiyaların tez bitməsi də bunu göstərir. Sanki hamı harasa tələsirdi…
– Əlbəttə, bu, belə deyil. Axı biz ilk dəfə çempionatda iştirak etmirik. Uzun illərdir ki, belə yarışlara gedib-gəlirik, qələbə qazanır və uduzuruq. Son turlara yaxın oyunlarda yorğunluq əmələ gəlir. Çünki şahmatçı özü üçün yox, komanda naminə oynayır. Komanda üçün oynamaq o deməkdir ki, sən öz mübarizənin məntiqindən başqa digər lövhələrdəki məntiqləri də nəzərə alırsan. Bəzən hardasa heç-heçə edə bilirsən, amma məcbur qalıb partiyanı uzadırsan. Məğlub durumda olsan belə, partiyanı sonadək saxlamağa cəhd edirsən ki, rəqiblərdə çaşqınlıq və qeyri-müəyyənlik olsun. Burada incə məqamlar var. Komanda yarışları idmançıları daha çox yorur, nəinki fərdi yarışlar.

– Fikrət Sideifzadənin əməyini vurğuladınız. Doğrudan da qocaman mütəxəssisdir, uğurlarla rolu danılmazdır. Amma kişilərdən ibarət komandaya bir müddətdir təcrübəli kapitan cəlb olunmur. Halbuki əvvəllər hətta xaricdən kapitan çağırılırdı və bu da əksər hallarda nəticəsini verirdi…
– 2017-ci ildə Avropa çempionu olduğumuz vaxt da kapitanımız Eltac Səfərli idi. Amma fikirlərinizdə də müəyyən məna var. Bunu inkar etmək istəmirəm. Biz də zəif məqamların üzərində işləyib nəticə çıxarmaq istəyirik. Analiz edib görürük ki, müəyyən yerlərdə və istiqamətlərdə görüləsi işlər var.

1637587440 822 Mahir Məmmədov Komandada hec kimi ittiham edə bilmərəm

– Kişi və qadınlardan ibarət komanda üzvləri arasında ən yaxşı nəticəni 5-ci lövhədə Nicat Abbasov göstərdi. O, birinci yeri tutdu…
– Nicat çox yaxşı oynadı. Bu, bizim uğursuzluğumuzda bir qaşıq bal oldu. Həm də işıqlı məqam idi. Ona “afərin” deyirəm. Əlbəttə, uğursuzluğa görə heç kimi ittiham edə bilmərəm. Nicatı qeyd etməliyəm, çünki lövhədə birinci yerə çıxmaq nailiyyətdir. Bütün şahmatçılar mübarizə apardı. Teymur Rəcəbov artıq İddiaçılar Turnirinin hazırlıq dövrünə qədəm qoyur. Onun bütün addımları bu yarışa uyğun olacaq. Rəcəbov üçün əsas yarış budur. Komanda yarışlarında isə əsas kollektiv nəticədir. Son iki turdakı nəticəmiz qənaətbəxş olmadı. Sonuncu turda belə qalib gəlmək və birinci yeri tutmaq şanslarımız var idi.

– İlin sonunadək daha hansı yarışlar nəzərdə tutulub?
– Hazırda iki böyük yarış qalıb. Noyabrın 24-də Dubayda norveçli Maqnus Karlsenlə rusiyalı Yan Nepomnyaşi arasında 14 oyundan ibarət şahmat tacı uğrunda matç başlayacaq. Biz dekabrın 17-də mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirə start verəcəyik. Artıq iştirakçılar yavaş-yavaş dəvət olunur. Daha sonra dekabrın 25-də Qazaxıstanın paytaxtı Nur-Sultanda rapid və blits üzrə dünya çempionatı başlayacaq. Hər üçü vacib yarışdır. Şahmat tacı uğrunda görüşdən başqa hər ikisi rapid və blits üzrə olacaq.

1637587440 962 Mahir Məmmədov Komandada hec kimi ittiham edə bilmərəm

– Vüqar Həşimovun xatirə turnirini rapid və blits üzrə keçirməkdə məqsəd nədir? Daha əvvəl klassik üslubda oynanılırdı və yarış Şəmkirdə keçirilirdi. Belə ənənələrin pozulduğunu düşünmürsünüz?
– Xeyr, belə düşünmürəm. Çünki ağır pandemiya dövrü keçmişik. Dünyada şahmat həyatı indilərdə dirçəlir. Böyük zərbəyə məruz qalan dünya iqtisadiyyatları yenidən bərpa olunur. Bu fonda keçmiş formata qayıtmaq bizim üçün ağır olardı.

– Yarışın neçə gün təşkili nəzərdə tutulub və mükafat fondu nə qədərdir?
– 5-6 günlük turnir olacaq. 2-3 gün ərzində bütün detallar barədə məlumat verəcəyik. Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyası birlikdə bu turnir üçün çalışır. Yarış “Fairmont Baku” otelində gerçəkləşəcək. İştirakçılar və mükafat fondu ilə bağlı ətraflı məlumat verəcəyik.

– Dubaydakı şahmat tacı uğrunda yarışda yüksək mükafat fondu qoyulub…
– Bəli. Mükafat fondu 2 milyon avro olacaq. Bu, FIDE-nin uğuru və sponsorlarla uğurlu danışıqların nəticəsidir.





Mənbə: https://report.az/ferdi/mahir-memmedov-komandada-hec-kimi-ittiham-ede-bilmerem/

Comments are closed, but trackbacks and pingbacks are open.