“Müstəqilliyin Bərpası Günü və Müstəqillik Gününün elan edilməsi Azərbaycanın AXC-nin varisi olduğunu göstərir”

"Müstəqilliyin Bərpası Günü və Müstəqillik Gününün elan edilməsi Azərbaycanın AXC-nin varisi olduğunu göstərir"


“Vətən Müharibəsində tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, ölkəmizin dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edib. Ona görə də 18 oktyabrın Müstəqilliyin Bərpası Günü və 28 mayın Müstəqillik Günü elan edilməsi ilə bağlı Milli Məclisə daxil olmuş sənədi vacib hesab edirəm”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat xatırladıb ki, 1991-ci ilin 18 oktyabrında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır:

“O vaxt hazırlanma prosesində tələskənlik olduğundan ad düzgün ifadə olunmayıb. Əslində, 30 avqust tarixində biz “Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə” qəbul etmişdik. Yəni, Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir. Ancaq sonradan qanun Dövlət Müstəqilliyi adlansa da, bəyannaməyə istinad olundu. Məzmun da bundan ibarət oldu ki, 1920-ci ildə mövcud olmuş Cümhuriyyətin varisi kimi müstəqilliyi bərpa edirik. Şübhəsiz ki, 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür. Bu zaman Müstəqillik Gününün nə vaxt olması ilə bağlı sual yaranır. Çünki biz 28 Mayı Respublika günü kimi qeyd edirik. 28 Mayda Milli şura “İstiqlal Bəyannaməsi”ni qəbul edən zaman birinci bənddə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, ikincisində isə dövlətin Cümhuriyyət formasında olması qəbul etmişdi. Bu səbəbdən 28 Mayın Müstəqillik Günü olması ilə bağlı heç bir şübhə yoxdur. Düzdür, biz Şərqdə ilk respublika quran dövlət olmuşuq, ancaq müstəqillik gününün olması daha vacibdir”.

Tahir Kərimli

Tahir Kərimli

T.Kərimli qeyd edib ki, indiki düzəlişlərlə hər iki gün ölkədə bayram kimi qeyd olunacaq:

“1991-ci ilin sonunda biz 18 oktyabrla kifayətlənmədik, bu zaman Azərbaycanda referendum keçirildi və müstəqillik aktı ümumxalq səsverməsi ilə qəbul olundu. Bu gün qələbə ilə başa çatan Qarabağ savaşı bizə haqq verir ki, Azərbaycan özünü 1918-1920-ci ilin hüquqi varisi elan etsin. Ona görə də hesab edirəm ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək”.





Mənbə: https://report.az/daxili-siyaset/musteqilliyin-berpasi-gunu-ve-musteqillik-gununun-elan-edilmesi-azerbaycanin-axc-nin-varisi-oldugunu-gosterir/

Comments are closed, but trackbacks and pingbacks are open.