Nazir: “Çıraqqala” abidəsində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir”

Nazir: “Çıraqqala” abidəsində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir"



Nazir Ciraqqala abidəsində bərpa konservasiya isləri yekunlasmaq uzrədir

“Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov abidə ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən media-turda deyib.

O bildirib ki, abidədə bərpa-konservasiya işlərinə 2019-cu ilin iyul ayından başlanılıb: “Bu günədək tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib. Baş bürcdə, həmçinin 1 və 2-ci, 2 və 3-cü, 3 və 4-cü, 17 və 1-ci, 16 və 17-ci, 15 və 16-cı qüllələr arasında qala divarının dağılmış yerlərinin, eyni zamanda ovdanın qismən bərpası işləri görülüb. Həmçinin ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib”.

Nazir qeyd edib ki, “Çıraqqala” müdafiə kompleksinin divarları böyük həcmli daş hörgüdən ibarət olub: “Qalanın baş bürcü qaya üzərində yerləşməyinə baxmayaraq, qaya ilə hörgünün birləşdiyi yerdə hörgüdə böyük aşınma və dağıntılar baş verib. Digər bürc və divarlarda da vəziyyət ürək açan olmayıb, qalanın salamat qalan yerlərinin üzlük hörgü hissələrində dağıntılar əmələ gəlib. Abidədə həyata keçirilən işlər mühüm əhəmiyyət kəsb edir. Bu həm tarixi dəyər baxımından, həm də əraziyə turist səfərlərinin artması baxımından çox önəmlidir”.

Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib. Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir.





Mənbə: https://report.az/medeniyyet-siyaseti/ciraqqala-abidesinde-berpa-konservasiya-isleri-yekunlasmaq-uzredir/

Comments are closed, but trackbacks and pingbacks are open.