“Nazirin müşaviri mənə dedi ki, 25 min verib bu işi “həll” edəcək” – Yenicag.Az

“Nazirin müşaviri mənə dedi ki, 25 min verib bu işi “həll” edəcək” – Yenicag.Az


“British School in Baku” Tam Orta İnnovasiyalar Məktəbində işdən çıxarılan bədən tərbiyəsi müəllimi Əmrah Abdurrahmanov, Bakı Apellyasiya Məhkəməsinin qərarı olduğu halda ona məktəb tərəfindən kompensasiya ödənilmədiyini iddia edir.

Yenicag.az xəbər verir ki, Yeniavaz.com-a müraciət edən Ə. Abdurrahmanov məktəbin idarə heyətinin sədr müavini Samir Vəliyevin ona sözügedən kompensasiyanın heç bir halda ödənilməyəcəyini dediyini iddia edib. Onun sözlərinə görə, müddətsiz müqaviləsinin olmasına baxmayaraq koronavirus pandemiyası zamanı onun işinə xitam verilib:

“2018-ci ildə “British School”da bədən tərbiyəsi müəllimi kimi işə qəbul olunmuşam. İşə qəbul zamanı müqavilə bağlanıb, lakin müqavilə mənə təqdim olunmayıb.

Mənə gah müqavilənin bir illik olduğunu, gah da müddətsiz olduğunu bildirirdilər. Mən də elektron hökumət portalından müqvilənin formasına baxdım, müqvilə müddətsiz idi. Əməkhaqqı ilə bağlı müqavilə yenilənsə də, hər iki müqavilə müddətsiz kimi imzalanıb. Məktəb iddia edir ki, bu texniki səhvdir, amma bu səhvin aradan qaldırılması üçün onlar tərəfindən heç bir addım atılmayıb. Məktəbdən dəfələrlə müqaviləni istəsəm də, mənə təqdim olunmayıb.

21 iyul 2020-ci il tarixdə mənim elektron poçt ünvanıma məktəb tərəfindən işimə xitam verilməsinə dair məktub gəlib. Səbəb kimi məktəbin maliyə cəhətdən pandemiyadan təsirlənməsi göstərilirdi. Mən həmin tarixdə məzuniyyətdə idim. Ona görə də məktubdan gec xəbərim oldu. Avqust ayının 18-də məktəbin kadrlar şöbəsi ilə əlaqə saxladım. Kadrlar şöbəsinin rəhbəri Rafiq Qasımov mənə bildirdi ki, müqaviləm həmin tarixdə, yəni avqustun 18-də başa çatır. Mənə bildirdi ki, könüllü şəkildə gəlib işimə xitam verilməsinə dair ərizə yazım, yoxsa əmək kitabçama “fəqli maddələr” düşəcək. Mən də bildirdim ki, müqavilə bitibsə, ərizəyə nə ehtiyac var?

Hal-hazırda kadrlar şöbəsinin rəhbəri, həmin tarixdə isə məktəbin ofis meneceri olan Aygün xanıma yazıb, əmək kitabçamın fotosunu göndərməsini istədim. Əmək kitabçama hansı səbəblə işdən çıxarıldığımın yazıldığını görmək istəyirdim. O isə mənə bildirdi ki, hələ heç nə yazılmayıb, bunun üçün işdən çıxmanızla əlaqədar könüllü ərizə yazmalısınız.

Sonra əmək kitabçama işimə xitam verilməsi ilə bağlı qeyd aparılan tarixdə, sentyabr ayının 1-də Aygün xanım yenidən mənimlə əlaqə saxladı və ərizə yazmağım üçün məktəbə yaxınlaşmağımı istədi. Əgər müqavilənin müddəti başa çatıbsa, buna nə ehtiyac var?

Oktyabrın 7-də yenidən Aygün xanım mənimlə əlaqə saxladı və əmək kitabçamın onda olduğunu bildirdi. Halbuki, sentyabrın 1-də işimə xitam verilib.

Əmək kitabçamı götürüb əssassız yerə işdən çıxarılmağım, 2020-ci ilin may-iyun aylarında əməkhaqqının ödənilməsində yaranan kəsinti, həmin yay məzuniyyət pulumun düzgün hesablanmaması və dəymiş zərərə görə maddi təzminatın ödənilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. May-iyun aylarında əməkhaqqımdan kəsilən məbləğlər məhkəmə davam edərkən mənə ödənildi.

Noyabrın 23-də məhkəmə qərar çıxardı. Məktəbin mənə qalan ödənişləri ödəməsi ilə bağlı qərar elan olunsa da, yenidən işə götürülməyim və təzminatla bağlı tələblərim qəbul edilmədi. Buna əsas kimi isə müqaviləmin müddətli olduğu göstərildi.

Halbuki, müqavilənin müddətsiz olmasına dair əlimdə sübutlar, yəni müqavilənin surəti mövcuddur.

Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmə prosesi zamanı R. Qasımov bildirdi ki, məktəbin bütün müəllimlərinin müqaviləsi müddətlidir, sadəcə mənim müqaviləmdə belə bir texniki xəta baş verib. Mən isə ona, müqaviləsi müddətsiz olan bir neçə müəllim yoldaşımın olduğunu bildirdim. Məhkəmə sədri əməkdaşlarla bağlanmış müqavilələrin məhkəməyə təqdim olunmasını istəsə də, məktəb müqavilələri məhkəməyə gətirmədi.

Məhkəmə bizə qarşılıqlı razılaşmağımız üçün müddət verdi. Mən də qarşı tərəfə bildirdim ki, iki maaş kompensasiya ödəyin, prosesi sonlandıraq. Məktəbdən bildirdilər ki, mümkün deyil, bir maaş ödəyərik. Mən də bildirdim ki, mümkün deyilsə, qərarı məhkəmə versin. Məhkəmə bu il mart ayının 16-da mənim xeyrimə qərar çıxardı. Qərarda işə bərpa olunmağım və dəymiş zərərin təzminat kimi ödənilməsi göstərilirdi.

Bu qərardan sonra məktəbin İdarə heyətinin sədri Əhməd Vəliyevin müavini və oğlu, həmçinin, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri Samir Vəliyev məni görüşə çağırdı. Həmin müddətə qədər ona dəfələrlə müraciət etsəm də, heç birinə reaksiya verilməmişdi. Səmimi söhbət etdik və mənə bildirdi ki, ödənişlərlə bağlı hesablanma aparıldıqdan sonra yenidən görüş üçün vaxt təyin edəcəklər. Razılaşdıq.

Növbəti görüş zamanı, təxminən may ayının 5-də S. Vəliyev bildirdi ki, sənə iki maaş ödəyək, barışıq məktubu yaz və bütün iddiaları geri götür. Mən razılaşmadım və bildirdim ki, məhkəmənin qərarı var. Bildirdi ki, bu, məsələ ilə bağlı son görüşdür və iki maaşdan iki manat da əlavə ödəniş edilməsi mümkün deyil. Dedi ki, qəbul edirsinizsə budur, qəbul etmirsinizsə Əhməd müəllim (Əhməd Vəliyev) öz variantları ilə həll edər. Çıxanda görüşə birgə getdiyim dostumla məsləhətləşdim və qərara gəldik ki, 3 min manat ödənilərsə, məsələni bağlayarıq. Təklifi R. Qasımova bildirdim, o isə dedi ki, mümkün deyil.

May ayının 18-də məktəbdən əlaqə saxladılar və S. Vəliyevin görüşmək istədiyini bildirdilər. Görüş zamanı istəyimi soruşdu. Mən də bildirdim ki, təxmini zərərin yarısını – 5 min manat ödəyin, iddiaları geri götürüm. Mən istəyimi bildirdikdən sonra S. Vəliyev ayağa qalxdı və bu sözləri dedi:

“Artıq mən prinsipə düşdüm. Mən 5 minin üstünə 20 min də qoyub bu işi “həll edəcəyəm”, sənə pul verməyəcəyəm”.

Sağollaşdıq və çıxdım. Onunla da söhbət başa çatdı.

Bir neçə gün öncə qərarın icrası prosesi ilə bağlı apellyasiya məhkəməsinə müraciət etdim. Bildirildi ki, qarşı tərəf Ali məhkəməyə müraciət edib”.

Ə. Abdurrahmanovun iddiaları ilə bağlı “British School in Baku” ilə əlaqə saxladıq. Samir Vəliyevlə əlaqə saxlamaq istədiyimizi bildirsək də, bizi məktəbin direktor müavini Rafiq Yusifzadə ilə əlaqələndirdilər. Müraciətimizlə bağlı məlumat verib Samir Vəliyevlə əlaqə saxlamaq istəyimizi ona da çatdırdıq. O isə növbəti gün əlaqə saxlamağımızı istədi. Növbəti gün isə etdiyimiz zənglər cavabsız qaldı.

Qeyd edək ki, Samir Vəliyevin 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin olunması ilə bağlı mətbuatda kifayət qədər məlumat dərc olunub. O daha əvvəl isə sabiq təhsil naziri Mikayıl Cabbarovun müşavirliyini icra edib.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/nazirin-musaviri-mene-dedi-ki-25-min-verib-bu-isi-hell-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.