“Neftçi”nin legioneri: “Futbolçu olmasaydım, şəxsi biznesimi qurardım”

"Neftçi"nin legioneri: "Futbolçu olmasaydım, şəxsi biznesimi qurardım"



Neftcinin legioneri Futbolcu olmasaydim səxsi biznesimi qurardim

“Mən Serbiyanın ən məşhur klubu olan “Partiza”nın şərəfini qorumuşam. Amma bəzi məsələlər daha çox tanınmağıma mane olub”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç klubun rəsmi televiziyasında yayımlanan “Akademiya gündəliyi” verilişində deyib.

Serbiyalı müdafiəçi bildirib ki, dünya səviyyəsində tanınmış futbolçu olmamasında bir neçə amil rol oynayıb: “Onlardan biri futbol agentləri, digəri isə puldur. Məsələn, başqa klublar məni almaq istəyib, amma pula görə razılaşmayıblar. Haradasa bəxtsizlik amilini də qeyd edərdim”.

7 ilə yaxındır Azərbaycanda oynadığını xatırladan 34 yaşlı legioner övladlarının dövlət himnini əzbər bilməsini bununla əlaqələndirib: “Xüsusilə ötən il azarkeşlər stadiona gələ bilməyəndə hər matçdan öncə himn səslənirdi. Övladlarım bununla maraqlanırdı. Mən də onlara deyirdim ki, öz himnimizi bildiyiniz kimi Azərbaycan himnini də öyrənməlisiniz. Zaman keçdikcə öyrəndilər, hazırda da təmiz bilirlər”.

Təcrübəli oyunçu 2 il öncə “Qəbələ”ni paytaxt klubuna dəyişməsinin səbəbini açıqlayıb: “4 il “Qəbələ”nin şərəfini qorumuşam. Sonra “Neftçi”dən təklif gəldi. Mən də qəbul etdim. Bunun səbəbi isə “ağ-qara” rənglərə bağlı olmağımdır”.

Stankoviçin sözlərinə görə, futbolçu olmağında atasının böyük rolu olub: “Mənə hər zaman dəstək verib. Bəlkə də futbolçu olmasaydım, şəxsi biznesimi qurardım. Çünki hansısa zavoda gedib gündə 7-8 saat işləmək mənə görə deyil. Hazırda məşqçilik barədə düşünmürəm. Amma baş məşqçi olmaq çox çətindir”.

O, ən böyük arzularından birinin Rio Ferdinand, Ronaldinyo və Kriştianu Ronaldu kimi dünya ulduzları ilə eyni komandada oynamaq olduğunu əlavə edib.





Mənbə: https://report.az/futbol-xeberleri/neftci-nin-legioneri-futbolcu-olmasaydim-sexsi-biznesimi-qurardim/

Comments are closed, but trackbacks and pingbacks are open.