Nicat Hacızadə: “Azərbaycanın qeyri-neft ixracı son 7 ilin rekordunu təzələyib”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“2019-cu ilin sonundan cari dövrə qədər davam edən, qlobal iqtisadiyyatın üzləşdiyi COVID-19 pandemiyası səbəbi ilə iqtisadi fəaliyyətin tənəzzülü əhəmiyyətli ölçüdə daralma ilə nəticələnib. Pandemiya çərçivəsində iqtisadi və səhiyyə krizisinə qarşı görülən ilkin siyasət tədbirləri iqtisadi tənəzzülü ertələməyə hesablanıb. Xarici tələbin enməsi beynəlxalq ticarət dövriyyəsi və həcminə öz mənfi təsirlərini göstərib. E-ticarət, uzaqdan fəaliyyət kimi yeni yanaşmalara tez uyğunlaşan, ev təsərrüfatlarını və firmaları dəstəkləyən, o cümlədən mövcud epidemiya mühitini düzgün idarə edə bilən dövlətlər daha yaxşı performans ortaya qoya bilib”.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin şərhində qeyd edilir.

N.Hacızadə hesab edir ki, pandemiya faktorunun olmadığı bir zamanda – 2019-cu ildə dünya ticarət dövriyyəsində (mal və xidmətlər) 0,9 %-lik artım müşahidə edilib:

“2020-ci ildə pandemiya faktorunun dövriyyəyə daxil olması səbəbi ilə yaranan 8,3 %-lik resessiya qlobal dünya ticarətini əhatə edib. İnkişaf etmiş ölkələrin (İEÖ) xarici ticarət əməliyyatlarında 9,2 %, İnkişafda olan ölkələrdə (İOÖ) isə qeyd alınan 6,7 %-lik tənəzzül qlobal iqtisadi artımın 3,2 %-lik daralması ilə nəticələnib. Qlobal ticarətdə qeyri-tarif baryerlərinin artması, tədarük və beynəlxalq logistik təchizat zəncirində məhdudiyyətlər sözügedən geriləmənin əsas faktorlarıdır. Pandemiya krizisinə qədər neft qiymətlərində 10,2 %-lik azalma, COVID-19 epidemiyası ilə əlaqədar daha da dərinləşərək 32,7 %-ə qədər tənəzzül edib. Azərbaycanın iqtisadi artımında həm birbaşa investisiya və ixracat, həm də multiplikativ effektlər vasitəsilə firma və ev təsərrüfatlarının istehlakında əhəmiyyətli təsirə malik neft sektorunda müşahidə edilən daralma iqtisadiyyatın resessiyası ilə nəticələnib”.

Onun sözlərinə görə, 2021-ci ilin ilk dönəmindən pandemiyanın əhatə dairəsinin zəifləməsi, vaksinasiya prosesinin genişlənməsi, idarə oluna bilən fiskal proqramların qəbul edilməsi 2021-ci il üçün qlobal iqtisadi böyümədə 6,3 %-lik, dünya ticarətində isə 9,7 %-lik artım olub:

“Hərəkətlilik, sosial məsafə və təmas kimi faktorlardan birbaşa təsirlənən xidmətlər sektoru, xüsusilə turizm asılılığı yaşayan ölkələrdə ictimai iaşə və səyahət gəlirləri iqtisadi artımın əsas determinantı rolunda çıxış etməyə imkan yaradıb. 2021-ci ilin son ayları ərzində ertələnən tələbin artması ilə əmtəə qiymətlərində proqnozdan artıq artımların müşahidə edilməsi, təchizat zəncirinin qırılması, logistika nöqteyi-nəzərdən xüsusilə limanlarda gecikmələrin artması, pandemiya səbəbi ilə logistik sektorda fəaliyyət göstərən əmək qüvvəsinin azalması və ya bir sıra səbəblərdən tətillərin olunması qlobal inflyasiyaya təsir edən əhəmiyyətli faktordur”.

N.Hacızadə hesab edir ki, təchizat zəncirlərinin qırılması qlobal aralıq məhsul buraxılışına mənfi təsirlərini göstərməkdədir. Bir sıra ölkələrdə gecikən tələbin artması qarşılığında təklifin darlaşması, başqa sözlə istehsal zəncirində müşahidə olunan gecikmələr, xüsusilə qida məhsullarında artımla müşahidə olunmaqdadır. Əmtəəlik enerji qiymətlərindəki artım fonunda qeyri-yeyinti sektorunda istehsal xərclərinin artımı, habelə yuxarıda qeyd edilən səbəblərdən qida dəyərində artım əksər ölkələrin idxal və ixracının yüksəlməsinə gətirib çıxarmışdır ki, bu da hər iki istiqamətdə inflyasiya səbəbindən meydana gəlib.

İİTKM rəsmisi hesab edir ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarının 2021-ci ildə iqtisadi fəaliyyətini yenidən bərpa etməsi xarici tələbdə canlanma ilə nəticələnib:

“Qlobal inflyasiya yeyinti və qeyri-yeyinti məhsullarını əhatə etdiyindən qısa və orta müddətli dövrdə İOÖ-ün bir hissəsinin siyasət qurucuları tərəfindən ixracyönümlü böyümə modelini seçən ölkələrin sayında artım müşahidə edilir. Təbii ki, ixracyönümlü böyümə modeli üçün müvafiq tələb var ki, buraya ucuz məzənnə rejimi, diversifikasiya olunmuş istehsal sənayesi, müqayisəli üstünlük yaratmadan ixtisaslaşan istehsal və daha ucuz əmək qüvvəsi daxildir.

Cari dövrdə Azərbaycanın iqtisadi artımında təsiredici faktora malik ixrac olunan əmtəəlik neft və qaz sektorunun istehlak qiymət indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,2 % artıb. Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə 9 aylıq göstəricilərinə əsasən, idxal olunan məhsullar üzrə qiymət indeksi ötən ilin 9 ayı ilə müqayisədə 21,5 %, ixrac üzrə isə 42,5 % təşkil edir. İdxal və ixrac qiymətlərində artımın əsas səbəbi qida məhsulları üzrə qlobal bazarda ertələnən tələbin (idxalın) artımı, istehsal zəncirində qırılmalar, habelə, əhali sayı 900 milyondan daha çox olan ölkələrdə qida əmtəələri üzrə gömrük tarif dərəcələrinin azaldılması, cənub-şərqi Asiya regionunda miqrant çatışmazlığı, enerji qiymətlərinin görünən artımı və s. səbəblər ilə əlaqədardır.

İdxal inflyasiyasına əsasən, 1) bitki və heyvan mənşəli yağlar, 2) plastmaslar və onlardan hazırlanan məmulatlar, 3) qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar və s. məhsullarda qeydə alınan artım səbəb olub. FAO-nun statistikasına əsasən, sentyabr ayında qida məhsullarının qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 %, avqust ayı ilə 1,2 %, oktyabr ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3 % artıb. Plastmaslar və onlardan hazırlanan məmulatlar, rezin və kauçuk üzrə istehsalçı qiymət indekslərində artım müşahidə edilir”.

Azərbaycana idxal edilən eyniadlı malın qiymət indeksi ötən dövr ilə müqayisədə 36,8 % artmışdır ki, bu da neft qiymətlərinin son aylarda kəskin artım ilə əlaqədardır, N.Hacızadə bildirir.

“Qeyd edilən artımların səbəbi dünya bazarlarında qiymət artımı ilə əlaqəlidirsə də, digər səbəb isə ötən illə müqayisə edərək hesablanmasıdır. Hesablama 2020-ci ildə pandemiya ilə əlaqədar daha aşağı istehlak olunan məhsulların müqayisəsinə əsasən aparılıb. Neft-qaz sektoru sahələrarası qarşılıqlı əlaqələrin tərkibində əhəmiyyətli paya malikdir. Baza xammal kimi sözügedən məhsullar multiplikasiya effekti yaradaraq aralıq və son istehlak sənaye məhsullarının istehsal dəyərinə birbaşa təsir göstərir. Təsadüfi deyil ki, qida sənayesindən tikinti-inşaat sektoruna qədər bir sıra məhsulların bahalaşmasında neft və qaz qiymətlərinin rolunun olmağı sahəvi ekspertlər tərəfindən vurğulanır. Bir sıra xam neft-qaz ixracatçıları dəyər artımı fonunda gəlirlərini artırsa da, elektronika, inşaat, kimyəvi, plastmas, bir sıra qida məhsullarının idxalı ilə əldə edilən valyutanı repatriasiya edirlər”, – İİTKM rəsmisi qeyd edib.

N.Hacızadə bildirib ki, Azərbaycanın qeyri-neft ixracı son 7 ilin rekordunu təzələyib:

“2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 2,05 milyard ABŞ dolları təşkil edib ki, sonuncu dəfə bu rəqəm 2014-cü ildə qeydə alınıb. Müasir dövrdə ixracın dayanıqlı və keyfiyyətli artımı yenilikçi, innovativ, texnoloji tutumlu, hərəkətə gətirmə qabiliyyətinə malik və uzunmüddətli dövrdə istifadə edilə bilən kapital tutumlu mal və məhsulların ixracından asılıdır. Son istehlak və kapital tutumlu məhsullar aralıq istehlak kimi qeyri-neft sənaye buraxılışında önəmli paya malikdir. Diversifikasiya qabiliyyətinə malik ölkələrdə yerli mənşəli aralıq məhsullarının daxili son istehlak məhsullarının buraxılışında yer alması, həmin məhsulların rəqabət üstünlüyünün artması ilə nəticələnir.

2021-ci ilin ilk 9 ayını əhatə edən ixrac məhsulları üzrə statistik hesablamalara əsasən, dəyər baxımından Azərbaycanın ümumi ixracında aralıq məhsulların payı 72,4 %, qeyri-neft sektoru üzrə isə 72 % təşkil edir. Qeyri-neft sektoru üzrə ixracda isə son istehlak məhsullarının payı 27 % civarındadır. Sözügedən göstəriciyə əsasən, aqrar, aqrar-sənaye məhsulları və digər ev təsərrüfatları ehtiyaclarını qarşılayacaq mallar daxildir. 2021-ci ilin ilk 9 ayının idxal göstəricilərinə əsasən, aralıq məhsullarının payı 48,3 %, son istehlak məhsulları 34,3 %, kapital məhsulları isə 17,4 % təşkil edir. Qeyd edək kapital tutumlu mallar üzrə ixrac edilən məhsullar 1 %-ın altındadır.

Sektorlar üzrə bir sıra məhsulların istehsal və idxalını analiz etdikdə idxaldan asılılıq səviyyəsini ehtimal etmək mümkündür. Dövlət Statistika Komitəsinin xarici ticarət bülleteninə əsasən, 20 sektorial təsnifatın yalnız heyvandarlıq sektoru yerli istehsal dominantlığına dayanan və daxili tələbin 90 %-dən yuxarı hissəsini təmin edən göstəriciyə sahibdir. Digər sektorlarda isə idxal ilə rəqabət aparan, ixracyönümlü istehsal həyata keçirən və idxal dominantlığı ilə yerli istehlakı təmin edən sektorları müşahidə edə bilərik.

Qida sənayesi, tütün və içki məhsulları üzrə sektorda idxal edilən məhsulların 70 %-i son istehlak məhsullarıdır. Buna baxmayaraq, emal sənayesində yüksək paya malik qida, içki və tütün istehsalı üzrə yerli istehsal məhsullarının daxili istehlakda payı 88 %-ə yaxındır. Hazır qida məhsulları, spirtli və spirtsiz içkilər, tütün və onun əvəzediciləri sənayesi üzrə istehsal edilən son istehlak mallarının böyük əksəriyyəti yerli bazarda istehlak edilir. Nəticə etibarilə, Azərbaycanda hazır ərzaq, spirtli və spirtsiz içkilər ixracyönümlü deyil, idxalla rəqabət aparan sektoryönümlü olması qənaətinə gəlirik.

İdxalda əhəmiyyətli paya malik plastik və rezin məmulatları sənayesi üzrə buraxılan məhsulların böyük əksəriyyəti ixrac edilir. Bu sahə üzrə idxal 373,3 milyon ABŞ dolları olmaqla ümumi idxalın 4 %-ni təşkil edir. Adıçəkilən sənaye üzrə son illər dövlət-özəl əməkdaşlığı çərçivəsində birbaşa investisiyalar həyata keçirilib. Azərbaycanın qeyri-neft sektorunda əksər hallarda ilk onluğunda yer alan ilkin formalı polietilen, ilkin formalı polipropilen, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr “plastmaslar və onlardan hazırlanan məmulatlar; kauçuk, rezin və onlardan hazırlanan məmulatlar” sahəsinə daxil olan məhsullardır. Plastik və rezin sektoru üzrə idxalın və ixracın böyük əksəriyyəti xammal məhsullara əsaslanır. Bu malların idxal çəkisi 93 % olduğu halda, ixracda payı 99 % təşkil edir. Sektorun son istehlak məhsulları üzrə göstəriciləri isə fərqlidir. Firmaların tələbinin qarşılanması 27 milyon ABŞ dolları olmaqla idxalın 7 %-ni əhatə edir. Rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində yerli malların istehlakda payı 27 % təşkil edir. Azərbaycanda adıçəkilən sahənin yerli mineral resurs ehtiyatlarına əlçatanlıq potenisalı, müqayisəli üstünlüklər nəzərə alınmaqla, istehsal və ixrac diversifikasiya üçün şərait yaradır.

Kimya sənayesi məhsulları üzrə baza xammal yerli mənşəli neft və qaz məhsulları olsa da, daxili tələbdə 73 %-lik idxal məhsullarını müşahidə edirik. İstehsal olunan məhsulların 90 %-dən yuxarı hissəsi xarici tələbə yönəldiyini nəzərə aldıqda, kimya sənayesinin ixracyönümlü istiqamətə malik olduğu qənaətinə gəlirik. Habelə, kimya sənayesi üzrə məhsul çeşidlərində konsentrasiya, idxalda isə diversifikasiya daha yuxarıdır. Belə ki, qeyri-neft sektorunun tərkib hissəsində yer alan kimya sənayesi üzrə son istehlak məhsullarının payı ixracda 1 % olduğu halda, idxalda 22 % təşkil edir.

Müasir dövrdə kapital tutumlu məhsullar rentabellilik nöqteyi-nəzərdən digərlərindən fərqlənir. Belə ki, 2021-ci ilin ilk 9 ayının nəticələrinə əsasən, “maşınlar, avadanlıq və mexanizmlər; elektrotexniki avadanlıq; onların hissələri” üzrə idxal edilən mal qrupunun idxalda payı 25 % təşkil edir ki, bu da digər məhsul qrupları tərkibində ən yüksək paya sahibdir. Hesablamalara əsasən, sözügedən sektor üzrə idxalın daxili istehlakda payı 93 % təşkil edərək, yerli istehsal ilə idxal sektoru arasında qarşılıqlı rəqabətin olmadığını göstərir. Azərbaycanın qeyri-neft ixracında kapital tutumlu məhsulların payı 0,2 % olmaqla ən aşağı göstəriciyə malikdir”.





Mənbə: https://report.az/biznes-xeberleri/nicat-hacizade-azerbaycanin-qeyri-neft-ixraci-son-7-ilin-rekordunu-tezeleyib/

Comments are closed, but trackbacks and pingbacks are open.