Nuru və Kazım Qarabəkir paşalara Azərbaycanda niyə heykəl qoyulmur? – “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO – Yenicag.Az

Nuru və Kazım Qarabəkir paşalara Azərbaycanda niyə heykəl qoyulmur? – “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO – Yenicag.Az


“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunun son, sayca 25-ci buraxılışı ilə görüşünüzə gəlib.

Türkiyəli jurnalist Fulya Öztürklə bağlı film, həbs olunan naxçıvanlı generallar, Şuşa bəyannaməsi, İranın Türkiyə-Azərbaycan qardaşlığına qarşı addımı, təhsil sahəsindəki problemlər kimi həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

“A-dan Z-yə Aqil Ələsgərlə” bir də sentyabr ayında izləyicilərinin görüşünə gələcək.

Buraxılışın mətni:

Cəmiyyət olaraq, ikiyə bölünməyi nəinki sevirik, rəsmən ölürük bunun üçün, “sinov” gedirik ağlara və qaralara bölünüb bir-birimizi yerli-yersiz qılınclamağa…

*
Fulya üçün bölünənlər…

Çox şükür ki, bütün məsələlərdə ikitirəliliyimizi qoruduğumuz kimi indi də nur topu yeni bir ikiyə bölünmə səbəbimiz var:

II Qarabağ savaşı zamanı məşhurlaşan türk jurnalist Fulya Öztürkə film həsr olunmalıdır, yoxsa olunmamalıdır? Bir tərəf bu xanım qızımızın Gəncəyə raket düşərkən etdiyi fədakarlığı əsas gətirərək onun bunu haqq etdiyini, digər tərəf isə məsələnin bu qədər şişirdilməməsini, qızın öz işini gördüyünü deyirlər.

Son 20-25 ildə mətbuat o qədər öz mahiyyətindən uzaqlaşdırılıb ki, kiminsə öz peşə vəzifəsini namusu ilə həyata keçirməsi insanımıza möcüzə kimi görünür. Çünki vitrin davamlı olaraq, əsasən, peşə vicdanını itirənlərdən ibarət olub və onlar həmişə özlərinə yeni İsa tapan iudalar məclisi kimi mövcudiyyətlərini qoruyublar, qorumağa da davam edirlər.

Fulya və etdikləri, əlbəttə, bizim üçün dəyərlidir. Onunla birlikdə, sağlığını məhz o günlərdə Qarabağda itirən və vətəninə döndükdən qısa müddət sonra vəfat edən “Əl-Cəzirə”dən Omar Kaşramı, Qarabağ savaşının informasiya cəbhəsində öz imzası olan “Haber Global” komandasını, bir an belə cəbhədən çəkilməyən TRT və Anadolu Agentliyi əməkdaşlarını, NTV-nin əfsanə ismi Mete Çubuqçunu da unutmamalıyıq. Bunlardan birinin fəaliyyətini qabardıb, digərlərini görməzdən gəlmək olmaz. Hər biri bizim üçün dəyərlidir, hər biri bizim üçün bir dəyərdir.

Belə də ki, Fulya ilə bağlı mənim daha praqmatiq təklifim var. Onun üçün film çəkmək yerinə, gəlin ona Jurnalistlər Binasında ev verək ki, gələndə hoteldə qalmasın. Məsələn, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun Jurnalistlər Binasında evi varsa, alınsın, verilməyibsə, Üçüncü Binadan verilsin, sonra onun əlindən alınıb Fulya Öztürkə verilsin. Bəxtiyar Sadıqovun jurnalist kimi yaradıcılığı Ramiz Mehdiyevə məddahlıqdan o tərəfə keçməyib, deputat kimi də bir ağdamlının sınıq barmağına ilk tibbi yardım göstəribsə, mən tonqalda yandırılmağıma razıyam. Həm də beləcə Gəncənin icra başçısının verdiyi samovarı da daha özünə yük edib Türkiyəyə aparmaz Fulyacım. Hazır samovarı da varkən, Sumqayıtın icra başçısı paltaryuyan, Sabunçunun icrası qabyuyan maşın verər, Abdin Fərzəliyev də qonaq otağı mebelini verdisə, cehiz problemi də həllini tapar, qalar bir ağ atlı, yox e qara “Qalendevagen”li nişanlı problemi. Bu qədər reklamdan sonra o da tapılar və beləcə, hər kəs bəxtiyar olar.

*

Alma məzlumun ahını, çıxar ahəstə, ahəstə

Alma məzlumun ahını, çıxar ahəstə, ahəstə. Hansı zülmkar etdiklərinin cəzasız qalacağını düşünürsə, qarşılarında bu iki gözəllər gözəli nümunə var: Biri 2016-cı ildə 14 il müddətinə azadlıqdan məhrum olunan Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovdur. O biri isə Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədovdur, bu günlərdə 11 il həbs cəzasına məhkum edilib.

Həbs olunana qədər etmədikləri vəhşilik, işgəncə qalmamışdı. Sonuc: Parçası olduğunu sandıqları sistem əvvəl bunları bir-birinə döydürdü, sonra eyni kameraya qoydu.
İbrət götürüləsi nümunələrdir. Ancaq hər vəzifə sahibi özünü o postda ölümsüz hesab etdiyindən onlar həbsdə çürüyəcək, heç kim tərəfindən də xatırlanmayacaqlar. Cəmiyyət yeni əzazilləri müzakirə edib, köhnələri unudacaq. Bundan öncəkiləri unutduğu kimi…

*

Van Dammın oğlu və araşdırmaçı jurnalistikamız

Sonra da araşdırma jurnalistikasının olmamasından gileylənirik. Baxın, Van Damın oğlu bizim qızımızı alan kimi Kristoferin baldızının şəklini belə tapdıq. Qaldı Van Dammın qudasının qonşusunun xalası oğlunun dayısı arvadından məsələ ilə bağlı açıqlama almaq. İnanıram ki, araşdırmaçı jurnalistlərimiz onu da tapacaq və o müsahibə mütləq yayımlanacaq. Ancaq məni narahat edən odur ki, qızın qayınatası Van Damm, qaynanası isə məşhur kultirist Qladiesdir. Yəni yazıq gəlin özünü rəsmən əjdahanın ağzına atıb, xəbəri yoxdur. Bu arada, Kristoferin maması Van Dammın dördüncü arvadıdır. Camaat ikincisini ala bilmir, bu şpakatçı kolleksiya toplayır, vallah.

*

Təhsil problemlərini mən həll etməliyəm?

Dostlar deyirlər ki, təzə təhsil nazirinin “kliçka”sı “İslahat müəllim”miş. Açığı, mən hər kəsin təriflədiyinə həmişə şübhə gözü ilə baxan, sonunda haqlı çıxan adamlardanam. O zaman müəllimin də bir müddət işlədiyi Qafqaz Universitetini quran Güləni hər kəs tərifləyib göylərə çıxardığına görə şübhələnib araşdırmağa başladım və haqlı çıxdığıma bütün dünya şahiddir. Bu dəfə haqlı çıxmaq istəməsəm də, məktəblərdəki vəziyyət göz önündədir.

Əgər hələ də bir çox məktəblərdə süpürgə pulu, mühafizəçi pulu, A4 vərəq pulu, bayram pulu yığılır, sırf hazırlıqda şagird bol olsun deyə dərslər yola verilirsə, bunlar səhiyyə, yoxsa kənd təsərrüfatı problemləridir? Təhsil Problemləri İnstitutunun direktoruykən bu yöndə atdığı addımlar necə nazir olacağının qarantıdır. Əlbəttə, mən də təhsil sahəsindəki islahatların anında effekt verməyəcəyi qənaətindəyəm, ancaq pərşəmbənin necə gələcəyi də çərşənbədən bəllidir… Çox da şey eləməyin…

*

Vətəndaşa yüklənənlər…

Niyə heç bir məsələdə ortaq deyilkən məsuliyyəti təkcə vətəndaş daşımalıdır? Ayağa qalxan yükünü vətəndaşın belinə yükləyir. Koronavirus artır, vətəndaş günahkardır. Operativ Qərargah qələt qarışdırır, suçlanan vətəndaşdır. Harada nə səhv olur, məmura söz deyən yoxdur, vətəndaş suçlanır. Şəhərin bütün ağaclarını məmurlar qırıb, indi balkonlara məcburi gül qoyub, suvarılması da vətəndaşın boynuna qoyulur ki, bunu eləməsəniz, sizsiniz günahkar. Niyə də niyə? Bakının dörd bir yanındakı yaşıllığı, zeytun bağlarını yetim vətəndaş kəsib, binalar tikib, yoxsa oliqarx məmurlar? Vətəndaşı bu qədər yükləmək, vallah, dövlətə zərərdir, ancaq siz dövləti belə düşünmədiyinizdən belə etməyiniz normaldır…

*

Şuşa bəyannaməsi və vəfa borcumuz…

Xəyaldı, gerçək oldu. Artıq Cıdır düzündə, Şuşa qalasında murdar erməni çəkmələri deyil, şanlı Azərbaycan oğullarının ayaq səsləri gəlir. Ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin növbəti uğuru idi Ərdoğanla birlikdə imzaladığı Şuşa Bəyannaməsi. Kazım Qarabəkir Paşanın imzaladığı Qars Müqaviləsi necə yüz ildən bəri Naxçıvanın qarant yeridirsə, Şuşa Bəyannaməsi də Qarabağın güvənc yeridir bütün parametrləri ilə. Məhz o səbəbdən Moskvadan çox Tehranı qaşınma tutduğundan ağalarının şəklini yerde unudublar. Bu bəyannamə ilə yanaşı könül istərdi ki, Naxçıvanda Qarabəkir Paşanın, Bakıda isə Nuru Paşanın heykəlləri ucaldılsın. Bu onların haqqı, bizim isə vəfa borcumuzdur…

*

Sezon finalı…

Sayca 39-cu, ikinci sezonda 25-ci buraxılışdayıq. İzninizlə, yeni sezonda, sentyabrda görüşənədək… Allaha əmanət olun.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/nuru-ve-kazim-qarabekir-pasalara-azerbaycanda-niye-heykel-qoyulmur-a-dan-z-ye-aqil-elesgerle-video/

Comments are closed, but trackbacks and pingbacks are open.