OPEC: “Qarşıdakı dövrdə neft ən çox istehlak edilən yanacaq olacaq”

OPEC: "Qarşıdakı dövrdə neft ən çox istehlak edilən yanacaq olacaq"



OPEC Qarsidaki dovrdə neft ən cox istehlak edilən yanacaq olacaq

Uzaq perspektivdə dünyada bərpa olunan enerji mənbələrinin istifadəsi artsa da, ən geniş istehlak olunan yanacaq olaraq yenə də neft olacaq.

“Report” xəbər verir ki, belə bir qənaət OPEC-in bu gün dərc olunmuş “Dünya neft icmalı” (World Oil Outlook – WOO) adlı proqnoz hesabatında yer alır.

Hesabata görə, dünyada enerji daşıyıcılarının istehlakında neftin payı 2020-ci ildəki 30 faizdən 2025-ci ilədək 31 faizədək artacaq. Daha sonra isə alternativ enerji mənbələrinin geniş tətbiqi nəticəsində 28 faizədək azalacaq.

Bərpa olunan enerji mənbələrinin enerji istehlakındakı payı 2020-ci ildəki 2,5 faizə qarşı 2045-ci ildə 10 faizdən çox olacaq. Eyni zaman kəsiyində neftə olan gündəlik tələbat 82,5 milyon bareldən 99 milyon barelədək artacaq.

Neftə tələbatın həcmi 2020-ci ildəki 90,6 milyon bareldən 2026-ci ildə 104,4 milyon barelə çatandan sonra artım səngiyəcək, 2045-ci ildə isə 108,2 milyon barel təşkil edəcək. Tələbat artımının 80 faizi pandemiya ilə bağlı lokdaunlardan sonrakı dövrün, yəni 2021-2023-ci illərin payına düşəcək. 2026-2030-ci ilərdə artım orta hesabla 0,6 milyon barelədək, 2030-2035-ci illərdə isə 0,3 milyon barelədək səngiyəcək.

O cümlədən inkişaf etmiş ölkələr – OECD ölkələrində neftə gündəlik tələbatın həcmi 2023-cü ildə 46,6 milyon barellik pik nöqtəyə çatandan sonra 2045-ci ildə 34 milyon barelədək geriləyəcək. Əksinə, inkişaf edən ölkələrdə eyni müddət ərzində həmin göstərici 25,5 milyon barel artaraq 74,1 milyon barelə çatacaq.





Mənbə: https://report.az/energetika/opec-qarsidaki-dovrde-neft-en-cox-istehlak-edilen-yanacaq-olacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.