Report Media Məktəbində yeni təlim proqramı yekunlaşdı

Report Media Məktəbində yeni təlim proqramı yekunlaşdı



Report Media Məktəbində yeni təlim proqrami yekunlasdi

Report” İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 8-ci qrupunun yeni formatda təşkil edilmiş təlim proqramı yekunlaşıb.

Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 7 jurnalistə sertifikat təqdim edilib.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin məzunları ilə görüşdə bu tədris prosesinin faydalı olduğunu qeyd edib:

“Ümid edirəm, bu müddətdə jurnalistika peşəsinin sirlərini, az da olsa, öyrənə bilmişiniz. Report Media Məktəbinin yetirmələrinin ölkənin ən müxtəlif mətbuat orqanlarında çalışdığını görürük. Bir neçə ildən sonra siz yəqin Media Məktəbin gənc üzvləri ilə görüşə artıq təcrübə toplamış jurnalist olaraq gələ biləcəksiniz”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu uğurlu nəticə əldə etməyin elə də asan olmağıdını bildirib:

“Beynəlxalq informasiya bazarına daha intensiv təsir etmək tələbi hazırda xarici dillərə marağı xeyli artırıb. Bu qrupda ilk dəfə olaraq tədrisi rus dilində təşkil etmişdik, nəticədən də razıyıq. “Rossiya seqodnya” mediaqrupunun icraçı direktoru Kiril Vışinski, Rusiyadan gələn xüsusi fotomüxbir Mixail Voskresenski, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru Anar Əzizov, “Region plus” jurnalının baş redaktoru Namiq Mayılov, AzTV-nin “Telesəhər” verilişinin aparıcısı Tofiq Həsənsoy, rəqəmsal marketoloq Günay Cəfərli, “Report”-un rus redaksiyasının rəhbəri Kəmalə Mustafayeva Media Məktəbin qonağı olublar”.

İsmayıl Rafiqoğlu daha bir neçə maraqlı tədbirin də olduğunu vurğulayıb:

“Aparıcı Cavid Osmanov “Reportyorluğun əsasları”ndan, fotoqraf Cəlil Rzayev isə fotoqrafiyadan master-klass keçirib. Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə ilə olduqca maraqlı görüş təşkil edilib. Xalq yazıçısı çoxdan belə kiçik auditoriya ilə görüşmədiyini bildirsə də, Media Məktəbin məzunlarının onun yaradıcılığı ilə tanış olmasından, əsərlərini oxumasından məmnun olduğunu deyib”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.





Mənbə: https://report.az/media-xeber/report-media-mektebinde-yeni-telim-proqrami-yekunlasdi/

Comments are closed, but trackbacks and pingbacks are open.