TƏBİB-in “konspekt”i və ənənəvi tədrisin Əmrullayev “model”i – Araz Zeynalov yazır – Yenicag.Az

TƏBİB-in “konspekt”i və ənənəvi tədrisin Əmrullayev “model”i – Araz Zeynalov yazır


Ölkədə yeni tədris ilinin başlanma ərəfəsində hər kəsi məşğul edən vacib suala qismən aydınlıq gətirildi. Ona görə “qismən” təyinindən istifadə zərurəti yaranır ki, təhsil naziri Emin Əmrullayevin bu gün keçirdiyi brifinqdə açıqladığı məqamlar TƏBİB-Operativ Qərargah duetinin məntiqsiz strategiyasından kənara çıxmadı.TƏBIB in konspekti və ənənəvi tədrisin Əmrullayev modeli – Araz Zeynalov

Konkret desək, Əmrullayev ölkədə yeni tədris ilinin bir həftə ləngimə ilə də olsa, ənənəvi formada başlayacağını bəyan etdi. Bununla bütün “i”lərin üzərinə nöqtələr düzüldümü? Daha doğrusu, yüz minlərlə valideyni, həmçinin müəllimləri maraqlandıran qaranlıq məqamlara işıq salındımı? Qətiyyən!

Nazir TƏBİB-in “konspekt”ləri əsasında ölkədəki pandemiya şəraitinin təhlilini verdi və müxtəlif proqnozlar verərək, hipotetik “bacarığını” sərgiləmək imkanını da qaçırmadı.

Qısacası, nazirin müjdəsinə görə, orta məktəblərdə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, yuxarı siniflər üçünsə ayın 29-da başlayacaq. Ali məktəblər də öz qapılarını tələbələrin üzünə məhz sentyabrın 29-da açacaq.

Təbii, səthi müşahidə və qavrama ilə bura qədər hər şey həm normal, həm də aydındır. Amma hər şey bu qədər bəsit olsaydı, nə vardı ki…

Əmrullayev ənənəvi tədrisin tarixini açıqladıqdan sonra bizi buna imkan verən “amil”lərdən də xəbərsiz buraxmayıb. Nazir sevincək bildirib ki, ölkədə vaksinasiyanın mövcud səviyyəsi ənənəvi tədrisə qayıdışı mümkün edir. Kaş adam fikirlərini elə burada yekunlaşdıraydı…

Lakin Əmrullayev dayanmadı və təbii ki, məktəblərin təkrar distant tədrisinə keçidinə yönəlik çox geniş sahə – əl yeri qoydu. Belə anlaşıldı ki, yoluxmanın miqyasından asılı olaraq, yenidən distant tədrisə keçid heç də istisna deyil. İstisna yoxdursa, bunun belə olacağı artıq aksiom anlamına gəlir. Axı ortada ötən ilin ibrətli təcrübəsi var… Bir sözlə, nazirin maksimal nikbinliyinin imitasiyadan başqa bir şey olmadığına şübhə qalmadı.

Ötən ilin təcrübəsi valideynlərə nəyi xatırladır? Gündəlik bahalaşma fonunda şagird-övladlarına məktəbli geyimi və tam həcmdə dərs ləvazimatlarının alınması zərurəti valideynlərin başı üstündə “Domokl qılıncı” kimi parlamaqdadır. İki və daha çox uşağını məktəbə, universitetə göndərən valideyn bütün digər tələbatlarını kənara qoyaraq, onların ehtiyacını qeyd-şərtsiz ödəməlidir.

Pandemiya şəraitində əhalinin gəlirlərinin azaldığı, qiymətlərin isə yüksələn dinamika ilə artdığı indiki vəziyyətdə bu xərclər Samir Şərifovdan sitat gətirsək, on minlərlə ailənin “maliyyə intizamını pozacaq”. Tədrisin sona qədər ənənəvi formada aparılacağı halda bunu haradasa qəbullanmaq olar. Ancaq Əmrullayevin sözlərindən gəlinən qənaət budur ki, bir müddət sonra şagird və tələbələr yenə evlərə qapadılacaq. Eynilə ötən il olduğu kimi…

Əgər belədirsə, o zaman valideynləri bu qədər ağır xərcə salmağın məntiqi nədir? Hə, özüm də sualın ritorik olduğunun fərqindəyəm. Yaxşı, uşaqlar üçün bu bazarlıq edilməsə, məktəbli formalarına görə zərər kimin boynuna yüklənməlidir? Yaxud da monopolist məmurların ölkəyə gətirdikləri çantalar, dərs ləvazimatları və başqa vasitələr niyə ortada qalmalıdır? Yox, zəhmətkeş valideynlərin humanizmi buna imkan verməz!

Sonra da hamılıqla ərinmədən “Təhsilimiz (tək təhsilmi?) niyə bu gündədir?), – deyə baş sındırırıq…

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/tebib-in-konspekti-ve-enenevi-tedrisin-emrullayev-modeli-araz-zeynalov-yazir/

Comments are closed, but trackbacks and pingbacks are open.