Ukrayna səfiri: “Ağdam Azərbaycanın vizit kartı olacaq”

Ukrayna səfiri: "Ağdam Azərbaycanın vizit kartı olacaq"



Ukrayna səfiri Agdam Azərbaycanin vizit karti olacaq

“Əminəm ki, gələcəkdə Ağdam Azərbaycanın vizit kartı olacaq”.

Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Kiyevin turizm imkanlarının təqdimatının nəticələrinə həsr olunmuş mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy bildirib.

“Bir vaxtlar gözəl şəhər olmuş Ağdamda müharibə vaxtı yalnız müşahidə məntəqəsi kimi istifadə edilmiş məscidin salamat qalmasını görmək ürəksıxıcı haldır”, – diplomat bildirib.

Səfir Ağdama səfər etdiyini və şəhərin erməni işğalından sonrakı vəziyyətini gördüyünü xatırladıb: “Uzaqdan, şəhərin girişindən tank və piyada əleyhinə minaların partlayış sıxlığı hiss olunurdu. Bu o deməkdir ki, ərazidə minalardan təmizlənmə işləri və digər aksiyalar həyata keçirilməlidir. Bu, keçməsi çox çətin olan təəssüratdır. Amma əminəm ki, bir neçə ildən sonra elə bir şeyin şahidi olacağıq ki, bu, həm azərbaycanlılar üçün qürurverici olacaq, həm də xarici turistləri cəlb edəcək. Əminəm ki, bu şəhər Azərbaycanın vizit kartı olacaq”.

Diplomat Azərbaycanın işğaldan azad edilmiş əraziləri haqqında jurnalistlərin suallarını cavablandırarkən nə vaxtsa Ukraynanın və Azərbaycanın inzibati-ərazi vahidləri, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonları arasında müqavilələrin bağlanacağına əmin olduğunu bildirib.

“Bəs indi turizmə nə mane ola bilər? Regionlarda həyat fəaliyyətini bərpa etməzdən öncə minalardan təmizlənmə işləri aparılmalıdır. Bu məsələdə Ukrayna və Azərbaycan çox sıx əməkdaşlıq edirlər. Bu, çox uzun prosedurdur, çünki mürəkkəb, sistemli işdir”, – V.Kanevskiy əlavə edib.

Səfir işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi probleminin mümkün qədər tez həllini tapacağına və Kəlbəcərin ukraynalılar üçün turizm istiqamətlərindən biri olacağına əminliyini ifadə edib.





Mənbə: https://report.az/qarabag/ukraynanin-sefiri-agdam-azerbaycanin-vizit-karti-olacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.