Vətən Müharibəsi Qəhrəmanının anım mərasimi keçirilib

Vətən Müharibəsi Qəhrəmanının anım mərasimi keçirilib



Vətən Muharibəsi Qəhrəmaninin anim mərasimi kecirilib.jfif

Ağstafada Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsi yad edilib.

“Report”un məlumatına görə, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Böyük Kəsik kəndində keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə A.Yusiflinin döyüş yolundan danışılıb, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs olunub.

Daha sonra şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə tər güllər düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, DSX-nin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olmuş A.Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. 2000-ci ildə Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub. 2011-ci ildə oradan məzun olub və bir il sonra hərbi xidmətə yollanıb. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər DSX-nin Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətə davam edib.

A.Yusifli hərbidə qulluq etdiyi müddətdə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

O, Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

A.Yusifli Zəngilan şəhəri düşməndən təmizlənəndən sonra Azərbaycanın şanlı üçrəngli bayrağını Zəngilan Rayon Prokurorluğunun inzibati binasının üzərinə sancıb.

Oktyabrın 21-də Zəngilan rayonu ərazisində şəhidlik zirvəsinə yüksəlib. Doğulub boya-başa çatdığı Böyük Kəsik kəndində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə A.Yusifli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.





Mənbə: https://report.az/qarabag/veten-muharibesi-qehremaninin-anim-merasimi-kecirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.