Vətən müharibəsi şəhidi Rəşad Zeynallının ölümündən bir il ötür

Vətən müharibəsi şəhidi Rəşad Zeynallının ölümündən bir il ötür



Vətən muharibəsi səhidi Rəsad Zeynallinin olumundən bir il otur

İkinci Şəhidlər xiyabanında Vətən müharibəsində şəhid olan Rəşad Zeynallının xatirəsi anılıb.

“Report” xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidin imamı hacı Şahin Həsənli, incəsən nümayəndələri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

QMİ nümayəndəsi Şahin Həsənli qəhrəman şəhidin Vətən müharibəsindəki döyüş yolundan bəhs edib: “Vətən müharibəsindəki şanlı qələbəmizi şəhidlərə borcluyuq. Şəhidlərimizin şücaəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir və onların xatirələri hər zaman qəlbimizdə yaşayacaq”.

İcra başçısı Asif Asgərov qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm Qələbə bütün dünyada əks-səda yaradıb: “Bu qələbənin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu quruculuğu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Gənclərimiz mənfur düşməni torpaqlarımızdan qovmaq üçün son damla qanına qədər vuruşaraq, böyük rəşadət nümayiş etdirdilər. Şəhid Rəşadda həmin əsgərlərimizdən biri idi. Xalqımız var olduqca şəhidlərin əziz xatirəsi də yaşayacaq”.

Rəşad Zeynallının atası Qiyas Zeynallı 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbənin xalqımıza sonsuz sevinc və qürur hissi yaşatdığını bildirib. Şəhid atası bu tarixi qələbədə oğlu Rəşadın da payının olması ilə qürur duyduğunu qeyd edib.

Sonra şəhidin məzarı ziyarət olunub və ehsan süfrəsi açılıb.

Qeyd edək ki, 1998-ci il aprelin 21-də Bakıda anadan olan Rəşad Zeynallı orta təhsilini 60 nömrəli tam orta məktəbdə alıb. O, 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetin cihazqayırma mühəndisliyi fakültəsində təhsili alıb.

Rəşad 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Rəşad Zeynallı oktyabrın 8-də şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Cəbayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.





Mənbə: https://report.az/qarabag/veten-muharibesi-sehidi-resad-zeynallinin-olumunden-bir-il-otur/

Comments are closed, but trackbacks and pingbacks are open.