Vətən müharibəsi şəhidlərinin xatirəsi Latın Amerikası ölkələrində anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Latın Amerikası ölkələrində anılıb



Vətən muharibəsi səhidlərinin xatirəsi Latin Amerikasi olkələrində anilib

Vətən müharibəsində həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilmiş mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Meksika, Peru və Kolumbiyadakı səfirliklərimizdə anım tədbirləri keçirilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, mərasimlərdə adıçəkilən ölkələrdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirlərdə ilk olaraq, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılara Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən etibarən Silahlı Qüvvələrimizin başladığı əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda əsgər və zabitlərimizin müstəsna şücaət nümayiş etdirməsi, habelə Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində 44 günlük müharibə zamanı 100-ə yaxın mülki soydaşımızın qətlə yetirilməsi haqda məlumat verilib.

Diplomatik nümayəndəliklərimizin inzibati binalarının qarşısında şəhidlərin əziz xatirəsinə həsr olunmuş guşələr yaradılıb. Gün ərzində mərasim iştirakçıları ilə yanaşı paytaxt şəhərlərinin sakinləri də guşələri ziyarət edib, gül dəstələri və əklillər qoyub. Ziyarətçilərə anım günü münasibətilə hazırlanmış broşürlər paylanıb.





Mənbə: https://report.az/xarici-siyaset/veten-muharibesi-sehidlerinin-xatiresi-latin-amerikasi-olkelerinde-anilib/

Comments are closed, but trackbacks and pingbacks are open.