Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərginin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, sərginin açılış mərasimində Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, mədəniyyət naziri Anar Kərimov, Akademik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq rəssamı Eldar Kazımov iştirak ediblər.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxışında bildirib ki, Kamil Əliyevin misilsiz nailiyyəti – xalçanın səthində realistik, sanki canlı insan obrazını yaradan ən incə rəng, işıq-kölgə çalarları ilə işləmək bacarığı idi: “Yaradıcılıq boyu Kamil Əliyev onlarla xalça – Azərbaycan və digər ölkələrin tanınmış siyasi və incəsənət xadimlərinin portretlər qalereyasını yaratmışdır. Onun müəllifi olduğu bir sıra siyasi xadimlərin portretləri Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən onlara hədiyyə edilib”.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bundan əvvəl də Kamil Əliyevin yaradıcılığına həsr olunan tədbirlər keçirilib: “Ancaq bu tədbir daha yüksək səviyyədədir. Bugünkü sərgi də onun Azərbaycan mədəniyyətinə verdiyi töhfəni cəmiyyətə çatdırmaqdan ibarətdir. Kamil Əliyevin xalçaçılıq sənətinin inkişafında böyük əməyi var. Hazırda onun əsərlərindən ibarət kataloq hazırlanır. Yaxın müddətdə geniş ictimaiyyətə təqdim olunacaq”.

Rəfael Hüseynov Kamil Əliyevin həyat və yaradıcılığından danışıb: “Kamil Əliyevin əsərləri dünyanın dörd bucağındadır. Bu gün konfransa da dünyanın müxtəlif yerlərindən insanlar da qatılıb. O Azərbaycan xalçaçılığının klassiklərindəndir. Elə Kamil Əliyevin bioqrafiyasında da bir klassiklik var. O uşaq yaşlarından öz doğma yurdundan didərgin düşüb”.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qeyd edib ki, o uşaq yaşlarından xalçaçılıq sənəti ilə məşğul olub və bütün həyatını bu sənətə həsr edib.

Qeyd edək ki, sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdirilir.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan sərgi 21 noyabr tarixinədək davam edəcək.





Mənbə: https://report.az/medeniyyet-siyaseti/xalq-ressami-kamil-eliyevin-100-illik-yubileyine-hesr-olunmus-sergi-acilib/

Comments are closed, but trackbacks and pingbacks are open.