Yaşar Bəşirov: “Karateçimizin çənəsini qıran rəqibi cəzalanmalı idi”

Yaşar Bəşirov: "Karateçimizin çənəsini qıran rəqibi cəzalanmalı idi"



Yasar Bəsirov Karatecimizin cənəsini qiran rəqibi cəzalanmali idi

“Kişilərdən ibarət yığmamız 105 ölkə arasında 3-cü oldu. Komandamız, demək olar, 11 ildir belə nəticə göstərmirdi. 2010-cu ildə ilk dəfə finala çıxmışdıq. Bu dəfə isə bürünc medal götürdük”.

“Report”un məlumatına görə, bu fikriləri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində kişilərdən ibarət karate komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal qazanması barədə danışarkən deyib.

Funksioner bildirib ki, kollektivin 1-ci yeri tutmasına Pənah Abdullayevin (84 kq) zədələnməsi və Rafael Ağayevin (75 kq) zədəli halda döyüşməsi mane olub: “Zərbədən Pənahın çənəsi qırıldı. Ona görə növbəti görüşlərdə iştirak edə bilmədi. Hüseynov ciddi zədə aldı. Orada hakim haqsızlığı var idi. Əslində rəqibini belə zərbəyə görə diskvalifikasiya etməli idilər. Amma ona xal verdilər. İstedadlı idmançımızdır. Bu il Avropa çempionatında finala çıxmışdı. Onun yeri görünürdü. Zədələnməsəydi, qızıl medal da qazana bilərdik. İnanıram ki, sağalıb yenidən sıralarımıza qayıdacaq. Hazırda Bakıdadır. Zərbə aldıqdan dərhal sonra Azərbaycana göndərdik. Əməliyyat olunub, hər şey yaxşıdır Eləcə də Rafaelin ayağı əzilmişdi. Buna baxmayaraq, bütün döyüşlərini uddu. Əsl lider kimi komandaya böyük köməyi dəydi. Bunun sayəsində dünya üçüncüsü olduq”.

Bəşirov karyerasında 2-ci dəfə dünya çempionu olan İrina Zaretskanın (68 kq) çıxışını da dəyərləndirib: “O, bizim fəxrimizdir. Tokio-2020 Yay Olimpiya Oyunlarında Rafaellə birlikdə finalçı olmuşdu. Azərbaycan dünyada yeganə komandadır ki, olimpiadada həm kişilərdə, həm də qadınlarda 2 final gördü. Bu da qürur duyulası haldır. Zaretska Azərbaycanda ilin idmançısı seçilsə, buna çox sevinərik. Təbii ki, bizi ilin federasiyası da saymaq olar. Çünki Tokio-2020-də 2 gümüş medalı AMKF gətirdi. Həmçinin dünyada yeganə komandayıq ki, iki finalımız oldu. Zaretska bu il Avropa çempionu da olub”.

Onun sözlərinə görə, dünya çempionatında bürünc medal qazanan Asiman Qurbanlı (+84) da finala çıxmalı idi: “Təəssüf ki, alınmadı. O, son Avropa Oyunlarının qalibidir, hər zaman sabit çıxış edir. Dünya çempionatının bürünc medalı da gözəl mükafatdır. Komandamız yaxşı çıxış etdi. Amma zəif yerlərimiz də var. Roman Heydərov əsgərlikdən yeni gəlmişdi. Karantindən çıxan kimi komandaya qoşuldu. Para-karateçilərimizdən Eldar Əhmədov və Emiliya Mitilinova bürünc medal qazandı. Uşaqları yarışa hazırlayan məşqçilərimizə təşəkkür edirəm. Komanda olaraq bir yerə vurdular. Bugünkü nəticə onların əməyinin nəticəsidir”.





Mənbə: https://report.az/ferdi/yasar-besirov-karatecimizin-cenesini-qiran-reqibi-cezalanmali-idi/

Comments are closed, but trackbacks and pingbacks are open.